Accessibility links

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb


SOCAR
SOCAR

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın “Halliburton” şirkəti arasında “Texniki xidmətlərin göstərilməsi”nə dair saziş imzalanıb.

SOCAR-ın məlumatına görə, sazişi SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov və “Halliburton” şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Qrem Teylor imzalayıb.

Sənəd Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağında qalıq karbohidrogen potensialının yenidən qiymətləndirilməsi və qalıq neftli zonaların dəqiqləşdirilməsi üçün müasir tədqiqatların icra edilməsi məqsədi daşıyır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, saziş 1979-cu ildə kəşf edilən və 1983-cü ildən, yəni 40 ildən çoxdur istismar olunan “Günəşli” yatağının dayaz hissəsini əhatə edir.

“Bu, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin hazırda istismar etdiyi ən böyük neft yatağıdır. “Azneft” İstehsalat Birliyinin hasil etdiyi neftin yarıdan çoxu bu yatağa aiddir. Yataqdan ildə 3,5 milyon ton neft çıxarılır. Bu, önəmli yataq olduğu üçün laylardakı qalıq neftin çıxarılması ilə bağlı “Halliburton” şirkəti ilə əməkdaşlıq ediləcək. Sazişə görə, yataqdan hasilatın azalması fonunda hasilatı stabillədirmək üçün səmərəli yollar seçiləcək”, təhlilçi qeyd edib.

“Günəşli” yatağı Bakı şəhərindən 120 kilometr şərqdə, “Neft Daşları” yatağından 12 kilometr cənub-şərqdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. Yataqda dənizin səviyyəsi 80-300 metr aralığında dəyişir. Yatağın uzunluğu 12,5 kilometr, eni 4 kilometrdir.

Hazırda “Günəşli” yatağında, ümumilikdə 370 quyu qazılıb ki, onlardan 279 quyu istismardadır. İşlənmənin əvvəlindən bu quyulardan 201,3 milyon ton neft (kondensatla birlikdə), 127 milyard kubmetrdən çox qaz hasil olunub.

“Günəşli” yatağında maksimum hasilat 1991-ci ilə təsadüf edib. Həmin il 114 işlək quyudan 6,7 milyon ton neft çıxarılıb. Maksimal qaz hasilatı isə 2008-ci ildə 6,6 milyard kubmetr olub.

Forum

XS
SM
MD
LG