Accessibility links

Famil Xəlilov: Mənə təqsirləndirilən şəxs yox, şərlənən şəxs deyin


Famil Xəlilov
Famil Xəlilov

Sentyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal, I qrup əlilliyi olan Famil Xəlilovun cinayət işi üzrə hazırlıq iclası başa çatıb.

Vəkil Bəhruz Bayramov onun həbsinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət qaldırıb. O, məhkəmədən fəalın fiziki vəziyyətinin və bir aya yaxın aclıq aksiyası keçirdiyini nəzərə alınmasını istəyib, lakin məhkəmə vəsatəti təmin etməyib. Xəlilov özünü "faşist zindanlarında əsir kimi" hiss etdiyini deyib. Fəal etiraz olaraq arxasını məhkəməyə çevirib.

"Famil ittihamları qəbul eləmir. Təqsirləndirilən şəxs deyəndə, deyir ki, mənə şərlənən şəxs deyin. Onun orada baxıcısı yoxdur, özü də bildirir ki, "mən nə qədər deyim mənə su verin, yeməyə aparın, siqaret verin, ayaqyoluna aparın?". Adamın əlləri işləmir, onun üçün çox çətindir. Düzdür, deyir ki, bir dustaq yoldaşı ona kömək edir, amma hazırda aclıq aksiyası elədiyi üçün yemək yemir, ancaq su içir. Dərmanlar qəbul edir, amma bu dərmanları yemək yemədən qəbul etmək çox ciddi problemlər yarada bilər" - deyə, vəkil bildirib.

Növbəti məhkəmə prosesi sentyabrın 26-a təyin olunub.

Fəal "qanunsuz həbsinə" etiraz olaraq avqustun 15-dən aclıq aksiyasına başladığını elan edib və hazırda 29 gündür aclıq aksiyası keçirir.

Mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub. Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.

Fəalın həyat yoldaşı Kiçikxanım Xəlilova bildirir ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.

Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.

Forum

XS
SM
MD
LG