Böyük Britaniyanın kəşfiyyat xidmətinin (Mİ6) rəhbəri Riçard Mur sentyabrın 14-də Bakıya gəlib və ADA Universitetində mühazirə oxuyub.
Bu barədə ADA universitetinin rektor müavini Fariz İsmayılzadə X platformasında məlumat yayıb.
Riçard Murun səfərinin detalları ilə bağlı hər hansı digər mənbələr məlumat yaymayıb.
Yerli media bildirir ki, Riçard Murun səfərinin məqsədinin yalnız universitetdə mühazirə oxumaq olmadığı şübhəsizdir.
“Çox güman ki, o, beynəlxalq və regional məsələlərlə bağlı ölkənin ali rəhbərliyi ilə danışıqlar aparacaq. Onun Qərbin nüfuzlu dairələrindən və hökumətindən müəyyən mesajlar verməsi də istisna deyıl. Çox guman kı, söhbət Rusiya və İranla münasibətlərdən, Ukraynadakı müharibədən gedəcək”, Turan agentliyi qeyd edib.
Agentliyin məlumatına görə, Riçard Murun Bakıya gözlənilməz səfəri onun Londonda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə görüşündən bir həftə sonra baş verib.
“Eyni zamanda Mur və Bernsin imzası ilə “Financial Times” qəzetində çıxan beynəlxalq nizama təhlükə barədə məqalə dərc olunub. Həmin məqalədə Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri deyir: “Dünya nizamı bəşəriyyətin soyuq müharibədən bəri görmədiyi təhlükə ilə üz-üzədir”.
“Hər iki kəşfiyyat rəhbərinin sözlərinə görə, London və Vaşinqton “Rusiyanın aqressiv hərəkətlərinə və Putinin Ukraynadakı işğalçı müharibəsinə müqavimət göstərmək üçün” vahid cəbhə yaratmaq üçün fəal əməkdaşlıq edirlər”, Turan agentliyi yazır.
Forum