Accessibility links

Gürcüstan jurnalist Əfqan Sadıqova siyasi sığınacaq verməkdən imtina edib


Əfqan Sadıqov
Əfqan Sadıqov

Gürcüstan Miqrasiya Xidməti bu ölkədə ekstradisiya məqsədi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş AzelTV saytının rəhbəri, azərbaycanlı jurnalist Əfqan Sadıqovun siyasi sığınacaq barədə müraciətinə mənfi cavab verib.

Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib.

“Elə indi, sentyabrın 16-da Əfqan zəng edib bildirdi ki, Gürcüstan Miqrasiya Xidmətinin onun siyasi sığınacaq barədə müraciətinə imtina qərarını təqdim ediblər. Qərarda bildirilir ki, onunla iki dəfə müsahibə aparılıb və Əfqanın irəli sürdüyü mülahizələr siyasi təzyiq hesab edilə bilməz. Azərbaycanda Əfqan üçün siyasi motivli iddia yoxdur”, o qeyd edib.

Sevinc Sadıqova hesab edir ki, Gürcüstan Miqrasiya Xidmətinin qərarı qərəzlidir.

“Hesab edirəm ki, Gürcüstan hökuməti həyat yoldaşımı Azərbaycana təhvil verməyə tələsir. Çünki Miqrasiya Xidmətinin əməkdaşı azı bir ay müddətində qərar çıxarılacağını demişdi”, Sadıqova bildirib.

Sadıqova vəkillə məsləhətləşəndən sonra Miqrasiya Xidmətinin qərarında məhkəməyə şikayət veriləcəyini bildirib.

Gürcüstan Miqrasiya Xidməti Əfqan Sadıqovla sentyabrın 5-də və 13-də müsahibə aparıb.

Jurnalist Əfqan Sadıqov avqustun 3-də Gürcüstan polisi tərəfindən saxlanılıb.

Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi hakim Ketevan Caçvadzenin sədrliyi ilə jurnalist barəsində ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məhkəmədə Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən hədə-qorxu ilə tələbetmə ittihamı üzrə cinayət işi qaldırıldığı bildirilib.

Avqustun 15-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları” hüquq-müdafiə təşkilatının bu ölkədə ekstradisiya məqsədi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş jurnalist Əfqan Sadıqov barəsində həbs qətimkan tədbrinin dəyişdirilməsi və ya girov müqabilində azadlığa buraxılması ilə bağlı şikayətini qəbuledilməz hesab edib.

Məhkəmə Tbilisi Şəhər Məhkəməsinin avqustun 4-də çıxardığı hökmü qüvvədə saxlayıb.

Çoxsaylı beynəlxalq təşkilat, o cümlədən ABŞ Dövlət Departamenti Gürcüstan hökumətini Sadıqovu ekstradisiya etməməyə və dərhal azadlığa buraxmağa çağırıb.

Gürcüstanın Hüquqları" (Rights Georgia) hüquq-müdafiə təşkilatı azərbaycanlı jurnalist Əfqan Sadıqovun maraqlarını qoruduğunu elan edib. Bu təşkilat 2017-ci ildə Tbilisidə həbs edilən və Azərbaycan məhkəməsi tərəfindən 6 il azadlıqdan məhrum edilən azərbaycanlı jurnalist Əfqan Muxtarlının maraqlarını da Gürcüstanın Milli Məhkəmələrində və Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edib. Sentyabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi Əfqan Muxtarlı ilə bağlı şikayəti təmin edib. Məhkəmə Gürcüstan hökumətinin 12500 avro, Azərbaycan hökumətinin isə 8500 avro təzminat ödəməsi barədə qərarını elan edib.

Jurnalist Əfqan Sadıqov ötən il dekabrın 24-dən Gürcüstanda yaşayır. O, Gürcüstana müalicə üçün getdiyini və sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.

Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan Sadıqov həbsxanada 242 gün aclıq edib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Forum

XS
SM
MD
LG