Accessibility links

ABŞ Dövlət katibi və Azərbaycan Prezidenti Ermənistanla Azərbaycan arasında sülh məsələsini müzakirə edib


İlham Əliyev və Antoni Blinken (Kollaj AZƏRTAC agentliynindir)
İlham Əliyev və Antoni Blinken (Kollaj AZƏRTAC agentliynindir)

Sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Dövlət Departamentinin yaydığı açıqlamaya əsasən, söhbətin diqqət mərkəzində Azərbaycanla Ermənistan arasında "dayanıqlı və şərəfli" sülhə doğru səylər olub.

"Dövlət katibi Blinken tərəflər arasında bu yaxınlarda əldə olunmuş proqresi, o cümlədən sərhəd delimitasiyası nizamlamaları üzrə razılaşmanı alqışlayıb," açıqlamada bildirilir.

Dövlət Katibi həmçinin ilin sonuna yaxın keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu gedişatına Vaşinqtonun öhdəliyini və iki tərəfli münsaibətlərin önəmini vurğulayıb.

Azərbaycanın beynəlxalq insan haqları barədə öhdəliklərə riayət etməsi də söhbətin gündəmində yer alıb.

Aərbaycan Prezidentinin Administrasiyasının məlumatında deyilir ki, Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

“O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib”, məlumatda qeyd edilir.

Azərbaycan Prezidenti İlham Əliyev regionda artıq sülhün mövcud olduğunu deyib.

“Məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasnamə əsasında bu prosesin aparılacağını bildirib. Telefon söhbəti zamanı COP29-un ölkəmizdə keçirilməsi məsələsinə toxunulub”, Prezident Administrasiyasının məlumatında qeyd edilir.

Həmçinin bildirilir ki, Antoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.

Bundan öncə, sentyabrın 12-də ABŞ Dövlət katibi Antoni Blinken Ermənistanın Bzş naziri Nikol Paşinyanla telefonla danışıb.

“Dövlət katibi Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı və ləyaqətli sülhün vacibliyini bir daha təsdiqləyib. Dövlət katibi Blinken tərəflər arasında son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyası tənzimlənməsinə dair razılaşmanı alqışlayıb. Dövlət katibi Blinken və baş nazir Paşinyan ABŞ-Ermənistan münasibətlərinin genişlənməsini, o cümlədən enerji, ticarət, investisiya və təhsil sahələrində əməkdaşlığı müzakirə ediblər. Dövlət katibi Ermənistan xalqına və daha geniş Qafqaz regionuna fayda verən firavan, demokratik və müstəqil Ermənistanı dəstəkləmək üçün Birləşmiş Ştatların davamlı səylərə sadiqliyini bir daha təsdiqləyib”, Dövlət Departamentinin Mətbuat katibi Metyu Miller bildirib.

Forum

XS
SM
MD
LG