Rəsmilərin çərşənbə axşamı bildirdiyinə görə, Rusiya dronları gecə Ukraynanın şimal-şərqində enerji obyektlərini hədəf alıb.
Hücumlar nəticəsində Sumı bölgəsində elektrik kəsilib. Rəsmilər Ukrayna hava hücumunda müdafiə sistemlərinin dronlardan 16-sını vurduğunu bildirib.
Sumıya hücum daha genişmiqyaslı hücumun bir hissəsidir ki, Ukrayna ordusu ümumilikdə 51 Rusiya dronundan 34-nü vurduğunu bildirib.
Belə ki, Xarkiv, Xerson, Mikolaiv və Poltava bölgələri üzərində də dronlar vurulub.
Rusiya müdafiə nazirliyi çərşənbə axşamı Bryansk regionu üzərində Ukraynanın 15 dronunu vurduğunu bildirib. Səlahiyyətlilər ziyan və ya tələfatın olmadığını bildirib.
Bundan əlavə Ukraynanın bir dronu Kursk bölgəsini hədəf alıb.
Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı müxbirlərə deyib ki, Rusiya ölkə sərhədindəki “təhdidlər” səbəbilə ordusunu böyüdür.
“Buna qərb sərhədimizdəki son dərəcə düşmən mühit və şərq sərhədimizdə qeyri-sabitlik səbəb olub. Bunun üçün müvafiq tədbirlərin görülməsi tələb olunur,” Peskov deyib.
Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi ordusuna əsgər sayını 180000 artıraraq ümumi sayını 1,5 milyona çatdırmağı əmr edib. Putin sonuncu dəfə dekabr ayında qoşun sayının artırılmasına çağırıb.
Bu addım Rusiya qüvvələrinin avqustun əvvəlində Rusiyanın Kursk bölgəsinə daxil olan Ukrayna qüvvələrini geri sıxışdırmağa çalışdığı bir vaxta təsadüf edir.
Rusiya ordusu bazar ertəsi bildirib ki, Kurskda iki kəmdin, Uspenovka və Borkiyə nəzarəti geri alıb.
Kursk qubernatoru Aleksey Smirnov bazar ertəsi Uspenovkadan təxminən 40 kilometr şimalda yerləşən Rılski və Xomutovski rayonlarında kəndlərin təxliyə edildiyini elan edib. Telegram-da yayımlanan açıqlamada, təhlükəsizliyin təmin edildiyi deyilib, amma əmrin səbəbi ilə bağlı çox az konkret məlumat verilib.
Bundan əlavə bazar ertəsi Ukrayna BMT və Beynəlxalq Qızıl Xaç Komitəsini Kurskun Ukraynanın nəzarəti altında olan ərazilərinə oradakı vəziyyəti qiymətləndirmək üçün qruplar göndərməyə çağırıb.
Rusiya dərhal cavab verərək, Ukraynanın hərəkətini “təxribat” adlandırıb.
BMT-nin sözçüsü Stefan Dujarrik daha sonra Nyu Yorkda deyib ki, BMT “bunu etməyə hazırdır”, ancaq belə bir səfər etmək üçün Rusiyadan icazə almalıdır.
Forum