Accessibility links

Zəncanlı millət vəkili: Hələ də ölkədə real inflyasiyanı müəyyən edə bilməmişik


İran Parlamenti
İran Parlamenti

Zəncan vilayətinin Xudabəndə şəhərinin millət vəkili və parlamentin İctimai Komissiyasının üzvü Əhməd Bigdeli ölkədə inflyasiyanın real səviyyəsinin düzgün müəyyən edilməməsini kəskin tənqid edib. O, işçilərin maaşlarının inflyasiya ilə uyğun şəkildə artırılmasının zəruri olduğunu vurğulayıb.

İran mediasına əsasən, Bigdeli inflyasiya dərəcələrinin dəqiqləşdirilməməsindən narazılığını ifadə edərək bildirib ki, “iqtisadiyyat naziri inflyasiyanı 30-35 faiz arasında göstərir, lakin real vəziyyəti nəzərə alsaq, bu rəqəmlər dəqiq deyil. Mənim fikrimcə, əsl inflyasiya 50 faizə yaxındır. Hətta 35 faiz rəqəmi doğru olsa belə, mövcud maaş artımları kifayət deyil.”

O əlavə edib ki, hazırda yoxsulluq həddi təxminən 18 milyon tüməndir, lakin işçilərin orta aylıq maaşı cəmi 9 milyon tüməndir. Bu böyük fərq gənclərin sosial problemlərinin artmasına gətirib çıxarır.

Bigdeli maaşların yenidən nəzərdən keçirilməsi məsələsinə toxunaraq Ali Əmək Şurasının tərkibini tənqid edib. O, şurada maraqlar toqquşmasının işəgötürənlərin xeyrinə olduğunu və işçilərin hüquqlarının qorunmadığını vurğulayıb. "Qanun işçilərin maaşlarının inflyasiyaya uyğun artırılmasını tələb etsə də, praktikada bu tələblərə əməl edilmir", o deyib.

Deputat əlavə edib ki, vəziyyəti yaxşılaşdırmaq üçün istehsalçılara güzəştlər verilməli və bunun qarşılığında işçilərin maaşlarının inflyasiya ilə uyğun şəkildə artırılması tələb olunmalıdır.

İqtisadiyyat naziri Əbdülnasir Himməti vəzifəyə təyin olunduğu mərasimdə inflyasiyanın azaldılmasını özünün əsas prioriteti kimi göstərib.

2025-ci ildə İranda inflyasiya səviyyəsinin artacağı proqnozlaşdırılır. Hökumətin məlumatlarına görə, inflyasiyanın son illərdə yüksək səviyyələrdən bir qədər azalmasına baxmayaraq, qarşıdan gələn il üçün inflyasiyanın artacağına dair narahatlıqlar hələ də qalmaqdadır. Bunun əsas səbəbləri arasında İran rialının davamlı dəyər itirməsi və hazırda parlamentdə və mediada müzakirə edilən yanacaq subsidiyalarının mümkün ləğvi yer alır.

Forum

XS
SM
MD
LG