Accessibility links

Azərbaycan vətəndaşlarını İsrail-Livan sərhəd ərazilərinə səfər etməməyə çağırıb


Azərbaycanın Xarici İşlər Nazirliyi Livan və İsrail arasındakı gərginliklə əlaqədar vətəndaşları İsrailin Livan ilə sərhədinə yaxın ərazilərə səfər etməməyə çağırış edib.

Bu barədə Xarici İşlər Nazirliyi müraciət yayıb.

“Livan və İsrail arasında mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Xarixi İşlər Nazirliyi tərəfindən müvafiq olaraq 3 və 5 avqust 2024-cü il tarixlərində edilmiş səyahət xəbərdarlıqlarına ciddi şəkildə riayət etməyin vacib olduğunu diqqətə çatdırırıq.

Bununla yanaşı, İsrail ərazisində xüsusi vəziyyət elan edilməsi ilə əlaqədar, vətəndaşlarımıza İsrailin Livan sərhədinə yaxın ərazilərə səfər etməməyi və yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmağı tövsiyə edirik”, Xarici İşlər Nazirliyi qeyd edib.

Son həftələr ərzində İsrail-Livan arasında döyüşlər intensivləşdiyindən sentybrın 24-də Azərbaycanın milli aviadaşıyıcısı AZAL təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıdan Ben Qurion Hava Limanına (Təl-Əviv) və əks istiqamətdə reysləri dayandırıb. Azərbaycan Xarixi İşlər Nazirliyi tərəfindən isə 3 və 5 avqustda münaqişə ərazisinə səyahət etməmək barədə xəbərdarlıq yayılıb.

Livanın səhiyyə rəsmiləri bildiriblər ki, İsrailin bazar ertəsindən bu yana həyata keçirdiyi hücumlar nəticəsində azı 564 nəfər ölüb, 1800-dən çox insan yaralanıb.

Qəzzada müharibə HƏMAS-ın 2023-cü ilin oktyabrında İsrailin cənubuna hücumu ilə başlayıb. Bu hücum zamanı fələstinli militantlar 1200-ə yaxın insanı öldürüb, 250-yə yaxın insanı girov götürüb. Onlar hələ də 100-ə yaxın insanı girov saxlayır ki, onlardan üçdə birinin öldüyü güman edilir.

Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti qadın və uşaqlar olmaqla, 41 000-dən çox fələstinli öldürülüb, İsrail hərbi qüvvələri isə ölənlər arasında minlərlə HƏMAS döyüşçüsünün olduğunu deyir.

Forum

XS
SM
MD
LG