Accessibility links

Bayden Helen qasırğasından sonra qubernatorlarla danışıb


Helen qasırğasının 100-dən çox adamın ölümünə bais olmasından sonra ABŞ Prezidenti Co Bayden bazar ertəsi ən çox təsirə məruz qalmış Corciya və Şimali Karolina ştatlarının qubernatorları ilə danışıb.

Bayden Şimali Karolina ştatının qubernatoru Roy Kuperə bildirib ki, o, bu həftə həmin ştata səfər edəcək. Bayden əlavə edib ki, Konqresin zərərçəkənlərə yardım vəsaiti ayırması üçün xüsusi sessiya çağırması üçün müraciətlə çıxış edə bilər.

ABŞ prezidentinin sözlərinə görə, 100 adamın öldüyünə, 600 adamın itkin düşdüyünə dair məlumatlar var.

“Biz nə qədər tələb olunursa, o qədər orada olacağıq,” Prezident Bayden deyib. “Bayden-Harris administrasiyası iş tamamlanadək orada olacaq.”

Helen qasırğası Birləşmiş Ştatların cənub-şərqini vurduqdan sonar üçün gündür ki, Şimali Karolinada fövqəladə hallar üzrə əməkdaşlar itkin düşmüş insanları tapmağa çalışırlar.

Son məlumatlara görə, altı cənub ştatı boyunca azı 119 adam həlak olub. Daha çox sayda adamdan isə xəbər yoxdur, çünki kommunikasiya infrastrukturu dağıldığından ailə üzvləri bir çoxları ilə əlaqə saxlaya bilməyiblər.

Ərazidə, ələlxüsus Şimali və Cənubi karolina ştatlarında yüzlərlə yol bağlı qaldığı üçün oralara təcili yardım çatdırılması çətinləşib. İki milyondan çox vətəndaşın işıqsız qaldığı bildirilir.

Forum

XS
SM
MD
LG