Accessibility links

Akif Qurbanov: "II Heydər Əliyev planının gerçəkləşməsinə start verilib"


Akif Qurbanov
Akif Qurbanov

"III Respublika Platforması"nın həmtəsisçisi və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri Akif Qurbanov son həbslərin gerçək siyasi səbəbini "respublikaçı" ideyası ilə hakimiyyətin monarxist dünyagörüşü arasındakı kəskin ziddiyyətdə və Əliyevin varis planının gerçəkləşdirməsində görür.

Bu barədə sentyabrın 30-da "III Respublika Platforması"nın həmtəsisçisi I saylı Bakı İstintaq Təcridxanasından məktub göndərib.

Akif Qurbanov məktubda qeyd edir ki, artıq II Heydər Əliyev planının gerçəkləşməsinə start verilib.

"İlham Əliyev bu planı hələ 2016-cı ildən gerçəkləşdirməyə hazırlaşarkən respublikaçı idealla ortaya çıxan təşəbbüsə – Üçüncü Respublika Platformasına niyə 3 ay dözə bilməməsinin səbəbləri məlum oldu. Donosbaz mətbuat bizim həbsimizi guya “prezident seçkilərində, COP29-da təxribat hazırlanması” ilə izah etsə də, indi aydın olur ki, əsas məqsəd növbəti sülalə tədbirlərinə təkcə sözdə deyil, əməldə müqavimət göstərə biləcək şəxslərin zərərsizləşdirilməsidir", o qeyd edib.

Akif Qurbanovun sözlərinə görə, ictimai-siyasi şüuru olan, özünün və övladının gələcəyini düşünən, özünü Azərbaycana bağlı hesab edən hər kəs bacardığı formada buna kəskin etirazını bildirməlidir.

"Çəkinmək lazım deyil. Franklin Ruzveltin də dediyi kimi: "Qorxacağımız yeganə şey varsa da, o da qorxunun özüdür". Bilməliyik ki, bundan qorxacağıqsa, bu qorxu bizim həyatımızı idarə edəcək. Təbii ki, bütün şüurlu insanlar kimi, mənə də, dostlarıma da qorxu hissi yad deyil. Amma əsas məsələ qorxunun öhdəsindən necə gəlməkdir. Cəsarətli insan da qorxur, sadəcə o, qorxusuna rəğmən irəli addımlamaqda davam edən insandır. Ona görə də cəsarətli olmaqdan başqa yolumuz yoxdur" - deyə, məktubda qeyd olunur.

Platformanın spikeri bildirir ki, o, bu sözləri Azərbaycanda qorxulu yer kimi təqdim olunan Kürdəxanı təcridxanasından yazır:

"Dostlarımla yeddi aydır ki, burada, hakimiyyətin girovluğundayıq. Başqa siyasi məhbuslar da həmçinin. Yeddi aylıq təcrübəmlə bunu sizə açıq deyirəm ki, yaxşı yer olmasa da, həbsxana elə də qorxulu yer deyil, həyat bitmir, davam edir. Hətta şərti olaraq onların əlində olsan belə, sənə hər istədiyini edə bilməz, iradəni sağlam tutduğun təqdirdə. İnanın, bu hakimiyyətin gücü hüdudsuz deyil", məktubda qeyd olunur.

Qurbanov qeyd edir ki, İlham Əliyev hakimiyyəti o qədər güclü olsaydı, varis planını dərhal yerinə yetirərdi.

"Göründüyü kimi, alışdıra-alışdıra etməyə çalışır. Buna mane ola biləcək insanlardan qorxur. Cəmiyyətin reaksiyasını yoxlayacaq, narahat olduğu məqamları yoluna qoymağa çalışacaq, sizlərin arasından yalançı vədlərlə "müttəfiqlər" tapmağa çalışacaq. Bir sözlə, özünə ictimai legitimlik qazanmaq istəyəcək. Bu o deməkdir ki, gücü həm də sizin dəstəyinizdən, dəstəyiniz olmasa belə, susmağınızdan almağa çalışacaq".

O, cəmiyyətə bu plana etiraz etməkləri üçün çağırış edib.

"İdarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçmək istəyiriksə, insan ləyaqətinin üstün tutulduğu bir ölkədə yaşamaq istəyiriksə, tək adam rejiminin sülalə planına "Dur!" deməliyik" - deyə, Qurbanov əlavə edib.

"Toplum TV işi" üzrə nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, "Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynalova, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

Bu ilin iyul ayında bütün həbs olunanların həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

XS
SM
MD
LG