Accessibility links

İmişlidə deputatlığa namizəd olmuş müəllim işdən azad edilib


Leyla Nəcəfquliyeva
Leyla Nəcəfquliyeva

82 saylı İmişli-Saatlı seçki dairəsindən Milli Məclisə deputatlığa keçmiş namizəd Leyla Nəcəfquliyeva İmişli rayonunun Aranlı kəndində orta məktəb müəllimi olaraq işdən çıxarılıb. O hesab edir ki, işdən çıxarılması seçkilərdə fəallığı ilə bağlıdır.

Elm və Təhsil Nazirliyi Mil-Muğan regional şöbəsinin 17 sentyabr tarixli əmrində bildirilir ki, müəllimin məktəb direktorunun göstərişlərinə "tabe olmaması", "məktəblilərin dərslərə gəlməməsinə təsir göstərməsi", "rəhbərliyin razılığı olmadan dərsi məktəb binasından kənarda keçməsi", "Tik-Tok"da videolar yayması, uşaqlardan öz şəxsi məqsədləri üçün istifadə etməsi “Müəllimin Etik Kodeksi"nin tələblərinə kobud şəkildə ziddir.

"Onun işdən çıxarılması yerli Həmkarlar İttifaqı ilə razılaşdırılıb", deyə şöbədən bildirilib.

Təhsil şöbəsinin əmrində Nəcəfquliyevanın parlament seçkilərində iştirakı ilə bağlı hər hansı qeyd yoxdur. Lakin Nəcəfquliyeva deyir ki, seçki kampaniyasında iştirakı zamanı ona təzyiq olunub. Ondan namizədliyini geri çəkməsi tələb olunub, amma o bunu etməyib. Müəllim işdən çıxarılmasının digər səbəbi kimi sosial mediadakı fəaliyyətini görür. O, Aranlı kənd məktəbində neqativ hallarla bağlı problemləri davamlı olaraq işıqlandırdığını bildirir.

2023-cü ildə Nəcəfquliyeva məktəbin köhnə binasında sanitar qovşağın olmadığını bildirib, bundan sonra iki il ərzində Aranlı kəndində yeni bina tikilib. Lakin Heydər Əliyev Fondunun inşa etdiyi yeni məktəb binasında su olmayıb və müəllimə üçüncü sinifdə birinci dərsi sentyabrın 16-da məktəbin həyətində keçirməli olub. O, video çəkib və şəbəkələrdə yayımlayıb. Bu onun işdən çıxarılmasının rəsmi səbəbi olub.

Nəcəfquliyeva yayda peşəyə yararlılıq üzrə ixtisas imtahanlarından uğurla keçib.

Vətəndaş Hüquqları İnstitutu ictimai təşkilatının sədri Bəşir Süleymanlı bildirib ki, namizədin sentyabrın 17-də işdən çıxarılması qanuna ziddir, çünki Mərkəzi Seçki Komissiyasının qərarı ilə namizədlərin toxunulmazlığı sentyabrın 21-dək uzadılıb. O, Leyla Nəcəfquliyevanın məhkəməyə şikayət etməsini düzgün hesab edir.

İmişli rayonu Aranlı kənd məktəbinin direktoru Anar Ələkbərovdan mövqe almaq mümkün olmayıb.

Forum

XS
SM
MD
LG