Vitse-prezidentliyə Demokrat namizəd Tim Valz və Respublikaçı namizəd JD Vans çərşənbə axşamı Nyu Yorkda keçirilən debatda silahlara nəzarət, abort və Yaxın Şərqdə şiddətlənən böhran daxil olmaqla bir sıra siyasət məsələləri ilə bağlı fikirlərini səsləndirdilər.
Minnesota qurbatoru Valz Respublikaçıların prezidentliyə namizədi Donald Trampın ölkəni idarə etməyə uyğunluğunu sual etdi və sabiq prezidenti Birləşmiş Ştatları 2018-ci ildə İranın nüvə proqramına məhdudiyyət qoyan beynəlxalq razılıqdan geri çəkmək qərarına görə tənqid etdi.
“Burada əsas olan odur ki, möhkəm liderlik önəmli olacaq,” Valz dedi. “Və dünya bir neçə həftə öncə debat səhnəsində gördü ki, bizim hazırda ehtiyacımız olan, izdihamın miqyası barədə danışan 80 yaşlı Donald Tramp deyil.”
ABŞ-ın Ohayo ştatından olan Senator Vans isə dedi ki, Tramp Ağ Evdəki vəzifə müddətində “təsirili çəkindirmə” yaradıb və ölkələri “cizgindən kənara çıxmaqdan” çəkindirib.
“Baxmayaraq ki, qubernator Valz indicə Donald Trampı xaos agenti olmaqda ittiham etdi, əslində Donald dünyada sabitlik yaratdı,” Vans dedi.
Ən kəskin qarşıdurma Trampın Baydenə məğlub olduğu 2020-ci il seçkisi mövzusunda oldu. Tramp dəfələrlə iddia edib ki, o, qalib gəlib və onun tərəfdarları 2021-ci ilin yanvarında seçki nəticələrinin sertifikatlaşdırılmasına əngəl olmaq üçün ABŞ Kapitolsinə hücum edib.
Valz çərşənbə axşamı dedi ki, 2020-ci il seçkisindən sonra baş verənlər demokratiyaya misli görünməmiş “təhlükə” idi və prezidentin nə dediyi önəmlidir. O, Vansdan Trampın seçkidə uduzub-uduzmadığını soruşdu, Vans isə “Mən gələcəyə fokuslanmışam” deyə cavab verdi.
“Bu, cavabsızlıqdır,” Valz dedi.
Vans Trampın inaqurasiya günündə hakimiyyəti dinc şəkildə ötürdüyün sölədi və bildirdi ki, Birləşmiş Ştatlarda demokratiyaya təhlükə senzura təhlükəsidir. O dedi ki, Prezidentliyə Demokrat namizəd Vitse-prezident Kamala Harris “sənayə səviyyəsində” senzura ilə məşğul olub ki, buna sosial mediada COVID-19 siyasətləri ilə bağlı tənqidləri susdurmağa çalışmaq daxildir.
Vans həmçinin Harrisi Ağ Evdə olduğu müddətdə həll etmək istədiyini dediyi məsələlərlə bağlı tədbir görmədiyinə görə tənqid etdi.
“Kamala Harrisin orta təbəqənin problemlərini həll etmək üçün belə möhtəşəm planları varsa, onları indi həyata keçirməlidir – vəzifəsinin artırılmasını istəyərkən deyil, Amerika xalqının ona 3 il yarım öncə verdiyi vəzifədə ikən,” Vans dedi.
Valz isə cavab olaraq müəyyən siyasətləri təyin etmək səlahiyyətinə vitse-prezidentin deyil, başqalarının malik olduğuna işarə etdi.
Valz həmçinin Trampı vəzifədəki dörd ildə immiqrsiya islahatı kimi problemləri həll etmədiyinə, habelə Trampı Bayden administrasiyası dövründə Konqresdəki Respublikaçılara bu ilin əvvəlində sərhəd təhlükəsizliyi ilə bağlı ikipartiyalı qanun layihəsindən imtina etmələri üçün təzyiq göstərdiyinə görə tənqid etdi.
“Çoxumuz bunu həll etmək istəyir,” Valz immiqrasiya ilə bağlı dedi. “Donald Trampın bunu etmək üçün dörd ili var idi və o sizə, amerikalılara, bunun nə qədər asan olacağına söz vermişdi.”
Bu, Valzla Vans arasında ilk və mümkündür ki, son debatdır. Prezidentliyə namizədlər Vitse-prezident Kamala Harris və keçmiş Prezident Donald Tramp arasında başqa bir debat planlaşdırılmayıb.
Ümummilli rəy sorğuları Harrisin cüzi fərqlə Trampdan öndə getdiyini göstərir, ancaq növbəti prezidenti müəyyən edəcək bir neçə kritik ştatda onlara dəstək arasında fərq xüsusilə azdır.
Ən son ABŞ prezident seçkilərində seçicilər prezidentliyə namizədlər arasında bir neçə debatlara şahid olublar, amma bu dəfə bu, fərqli olub.
Tramp iyun ayında Prezident Co Baydenə qarşı debatda iştirak etdi. Həmin debat Bayden üçün yaxşı keçmədi və partiyası tərəfindən onun yarışdan geri çəkilməsinə dair çağırışlara gətirib çıxardı. Harris Demokratların namizədi olandan sonra isə onunla Tramp arasında ötən ay debat keçirildi.
ABŞ-ın 50 ştatının altısında artıq erkən səsvermə başlayıb. Çərşənbə axşamı keçiriləcək debat bu rəqəmin artdığı bir vaxta təsadüf edir. Belə ki, oktyabrın 16-dək əlavə 14 ştatda erkən səsvermə başlayacaq.
Forum