Accessibility links

Həbsdə olan inanclı şəxslərin ailə üzvləri etiraz aksiyası keçiriblər


Həbsdə olan inanclı şəxslərin ailə üzvləri aksiya keçirib (Arxiv foto)
Həbsdə olan inanclı şəxslərin ailə üzvləri aksiya keçirib (Arxiv foto)

Oktyabrın 4-də Məhkəmə Hüquq Şurasının qarşısında narkotik ittihamı ilə həbs olunan inanclı şəxslərin ailə üzvləri etiraz aksiyası keçirib. Aksiya iştirakçıları onların saxta ittihamlarla həbs olunduqlarını bildiriblər və işə ədalətli baxılmasını tələb ediblər. Onlar "dindarları azad et!", "azad et, öldürmə!" şüarları səsləndiriblər.

"Prezidentdən tələb edirəm ki, haqq-ədalətlə şərlənən məhbusları azad eləsin. Qurana baş qoyub and içəndə haqq-ədalətlə işlədiyinizi dediniz. "Gənclər bizim gələcəyimizdir" dedin, budurmu sizin gənclərə hörmətiniz? Bu qədər haqsızlıq olmaz, vicdanınızla hərəkət edin", deyə, aksiya iştirakçılarından biri bildirib.

Həbsdə olan Mirtofiq Hüseynovun atası məhkəmənin işə ədalətsiz baxdığını deyir:

"Məhkəmə Hüquq Şurası hara baxır? Bizə dedilər ki, arxayın olun, məhkəmələrdə hər şey həll olunacaq, haqq yerini tapacaq. Təəssüf ki, bu günə qədər haqq öz yerini tapmadı".

Eyni ittihamlar üzrə həbs olunan Bəxtiyar Babaşovun həyat yoldaşı Arzu Abdulla bildirib ki, 2022-ci ildən başlayaraq Azərbaycanda inanclı şəxslər kütləvi şəkildə narkotik ittihamı ilə həbs olunublar.

"Həbslər yeni başlayanda biz Prezident Aparatına, digər aidiyyəti qurumlara getdik. Bizə dedilər ki, "gedin sakit oturun, məhkəmələr ədalətli keçiriləcək. Əgər günahsızdırlarsa, hamısını azadlığa buraxacaqlar". İnanın ki, heç bir məhkəmə ədalətli keçirilmədi", deyə, Abdulla qeyd edib.

Polis əməkdaşları aksiyaya müdaxilə edib, aksiya iştirakçılarının plakatları əllərindən alınıb və jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə mane olub. Aksiya iştirakçıları Məhkəmə Hüquq Şurasının binasının qarşısından polis əməkdaşları tərəfindən uzaqlaşdırılıblar.

Məhkəmə Hüquq Şurasından mövqe almaq mümkün olmayıb.

İnanclı şəxslərlə bağlı həbslər

Azərbaycanda dini inanclıların kütləvi həbsi 2022-ci ilin yanvar ayından – Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra başlamışdı. O zaman Daxili İşlər Nazirliyi 45-dən artıq "İran casusu"nun saxlandığını açıqlasa da, bu əməliyyatın detalları haqda ətraflı heç bir məlumat verilmədi. Saxlanılanların yaxınları, vəkillərinin sözlərindən məlum oldu ki, onlar narkotik ittihamıyla həbs edilib.

Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşlarının xüsusi əməliyyat keçirdiyini bəyan edib. Məlumatda deyilirdi ki, xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb. Lakin saxlanılan şəxslərin kimliyi, həmçinin onların hansı maddələrlə ittiham olunması barədə ictimaiyyətə məlumat verilmədi.

Dövlət Təhlükəsizliyi Xidməti, DİN və Baş Prokurorluq tərəfindən inanclı şəxslərə qarşı ilk əməliyyat keçirildiyi haqda rəsmi açıqlama yayıldı. Həmin gün 32 nəfərin saxlanıldığı barədə ictimaiyyətə məlumat verildi. Onların casusluqdan narkotik vasitələrin dövriyyəsinə qədər müxtəlif maddələrlə ittiham olunduğu bildirilib.

Hazırda həbs olunanların bəzilərinə hökm oxunub, digərlərinin isə məhkəmə prosesi davam edir.

2024-cü ilin sentyabrın 23-də "Azərbaycanda siyasi məhbusların azadlığı naminə" ittifaq siyasi məhbusların yeni siyahısını elan edib. Bu siyahıya 319 nəfərin adı daxil edilib. Onlardan 227 nəfər "dindarlar" kateqoriyasına aiddir.

Həbs olunanlar özlərini təqsirli bilmirlər, həbslərinin siyasi sifariş olduğunu deyirlər.

Azərbaycan hökuməti isə ölkədə insanların əqidəsinə, inancına görə təqib edilmədiyini bildirir. Rəsmi Bakı siyasi məhbusların olması iddialarını da qəbul etmir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG