Fələstinlilərin səhiyyə rəsmiləri bildirib ki, İsrailin çərşənbə günü Qəzzanın şimalı və mərkəzinə gecə boyu endirdiyi zərbələr azı 18 nəfərin həyatına son qoyub.
Zərbələr Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat və Bureyc qaçqın düşərgələrinə, eləcə də Qəzzanın şimalındakı Cəbəliyə qaçqın düşərgəsinə endirilib.
İsrail ordusu çərşənbə günü Qəzzada HƏMAS militantlarına qarşı havadan və qurudan hücumlar həyata keçirdiyini bildirib.
Birləşmiş Millətlər Təşkilatının verdiyi məlumata görə, döyüşlər və İsrailin təkrar təxliyə əmrləri fələstinli mülki vətəndaşları gedəcək yersiz qoyub. BMT Fələstin Qaçqınlar Agentliyinin (UNRWA) rəhbəri Filipp Lazzarini X-də bildirib ki, Qəzzanın şimalında ən azı 400 000 insan ilişib qalıb. Lazzarini deyib ki, bir çox insan evakuasiya əmrlərinə əməl etməkdən imtina edir, belə ki, onlar Qəzzada heç bir yerin təhlükəsiz olmadığını çox yaxşı bilir.
"Demək olar ki, heç bir əsas təchizat olmadığı üçün aclıq yenidən yayılır və dərinləşir" - deyə, o bildirib.
İsrail ordusu həmçinin çərşənbə günü Livanın cənubundakı Hizbullah yaraqlılarını hədəf alan yeni hava və quru əməliyyatları həyata keçirib və çərşənbə axşamı və çərşənbə günü döyüşlərdə onun üç əməkdaşının yaralandığını bildirib.
Hizbullah sərhədi keçərək artilleriya və raket zərbələri endirərkən İsrailin şimalında hava hücumu sirenləri səslənib.
İsrailin Baş naziri çərşənbə axşamı bildirib ki, ölkəsinin hərbçiləri sentyabrın 27-də Beyrutda İsrailin hücumu zamanı öldürülən Hizbullah lideri Həsən Nəsrullahın ehtimal edilən varisini öldürüb.Haşem Safieddin Nəsrullahın əmisi oğlu və təşkilatda yüksək vəzifəli rəsmi idi və onu əvəz edəcəyi gözlənilirdi. Keçən həftə İsrailin Hizbullahın qalası olan Beyrutun ətrafına bir sıra intensiv hava zərbələri endirdiyi vaxtdan bəri ondan xəbər yoxdur.
Baş nazir Benyamin Netanyahu Livan xalqına ünvanladığı videomüraciətdə "Hizbullahın imkanlarını azaltdıq. Biz minlərlə terrorçunu sıradan çıxardıq, o cümlədən Nəsrullahın özünü və və onun əvəzləyəni.”
Adətən yüksək səviyyəli adamlarının ölümünü təsdiqləyən Hizbullahdan hələ cavab gəlməyib.
Netanyahu bildirib ki, İsrail 2024-cü il oktyabrın 8-dən Hizbullahın raket atəşinə məruz qalan ölkənin şimalında “insanlarımızın sağ-salamat evlərinə qayıtması üçün nə lazımdırsa edəcək”.
Eyni müddət ərzində Livan tərəfində 500-dən çox adam öldürülüb.
“İsrailin özünü müdafiə etmək hüququ var. İsrailin də qalib gəlmək hüququ var! İsrail qalib gələcək!”, Baş nazir bildirib.
Forum