Accessibility links

Əhsən Nuruzadəyə inzibati həbs cəzası verilib


Əhsən Nuruzadə
Əhsən Nuruzadə

Oktyabrın 26-da saxlanıldığı bildirilən “Müsəlman Birliyi” Hərəkatının üzvü Əhsən Nuruzadəyə inzibati həbs cəzası verilib. 7 il həbsdə saxlandıqdan sonra oktyabrın 5-də azadlığa buraxılan fəal yenidən narkotik ittihamı ilə həbs olunub. Nərimanov Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilib.

Vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib ki, məhkəmənin qərarı ilə Əhsən Nuruzadə 2 ay müddətinə inzibati qaydada həbs edilib. Eyni zamanda həbsdə qalma müddəti nəzərə alınaraq, həbs müddəti iki gün azaldılıb. Beləliklə, onun barəsində 1 ay 28 gün inzibati həbs cəzası seçilib.

Məhkəmənin qərarına görə, həbs müddəti başa çatdıqdan sonra Nuruzadə narkomaniyadan məcburi müalicəyə göndərilməlidir.

Vəkilinin sözlərinə görə, məhkəmə onun həyat yoldaşının ölümündən sonra himayəsində iki övladı olduğunu və ürəyinin ağır xəstə olduğunu nəzərə almayıb.

Nuruzadə narkotik vasitələrdən istifadə ittihamını qəti şəkildə rədd edib və ekspertiza rəyinin saxta olduğunu deyib.

Vəkil bildirib ki, apellyasiya məhkəməsi qərarı ləğv etməsə, aclıq aksiyası keçirəcək.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən mövqe almaq mümkün olmayıb.

Fəal 2017-ci ilin sentyabrında "Demokratik Qüvvələrin Milli Şurası"nın mitinqi ərəfəsində saxlanılıb və 10 sutka inzibati həbs cəzası alıb.

2017-ci oktyabrın 6-da isə Əhsən Nuruzadə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs olunub.

2018-ci il martın 6-da o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Nuruzadə 2015-ci il Nardaran hadisələri ilə bağlı həbs edilən inanclı fəalların hüquqi və ictimai müdafiəsinin koordinasiyası ilə məşğul olub və həbsinin səbəbini bununla əlaqələndirib.

Nuruzadə yerli və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Azərbaycan hökuməti isə ölkədə insanların əqidəsinə, inancına görə təqib edilmədiyini bildirir. Rəsmi Bakı siyasi məhbusların olduğuna dair iddiaları qəbul etmir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG