Accessibility links

"Tərtər işi" ilə bağlı işgəncələrdə adı hallanan şəxslərə hökm oxunub


"Tərtər işi" üzrə həbs olunanların qohumları, eləcə də həmin iş üzrə zərərçəkmişlər prokurorluğun qarşısında etiraz aksiyası keçiriblər.
"Tərtər işi" üzrə həbs olunanların qohumları, eləcə də həmin iş üzrə zərərçəkmişlər prokurorluğun qarşısında etiraz aksiyası keçiriblər.

2017-ci ilin mayında Tərtərdə hərbçilərə qarşı işgəncələrdə adı hallanan general Hikmət Həsənovun köməkçisi, korpusun hüquqşünası, eyni zamanda generalın hüquq məsələləri üzrə köməkçisi olmuş Fuad Ağayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Oktyabrın 31-də Bakı Hərbi Məhkəməsi Ağayev və bir ildən çoxdur onunla birlikdə mühakimə olunan daha dörd nəfər haqqında hökm oxuyub.

Ağayev bundan öncə də Tərtər hadisələrinə görə mühakimə olunub və 10 il həbs cəzası alıb. Bakı Hərbi Məhkəməsi əvvəlki cəzasını da birləşdirməklə, ona 13 il azadlıqdan məhrumetmə cəzası verib. Oktyabrın 31-də elan olunan hökmdə göstərilib ki, cəzanın müddəti 2017-ci ildən hesablanacaq.

Digər dörd təqsirləndirilən şəxslərdən gizirlər Cavid Ağadadaşov və Qurban Cümşüdov da əvvəllər işgəncələrə görə mühakimə olunub, hər birinə 6 il həbs cəzası kəsilib. 2021-ci ildə "Tərtər işi" üzrə icraat yenidən başladılandan sonra onlar həbsdə ola-ola yenidən cinayət məsuliyyətinə cəlb olunublar.

Oktyabrın 31-də isə onların əvvəlki cəzası da birləşdirilməklə ümumilikdə 10 il azadlıqdan məhrum ediliblər. Lakin əvvəlki 6 ili tam həbsdə olduqlarına görə 4 il cəza təyin olunub. Bu cəzanın da əvvəli 2023-cü ilin iyulundan hesablanıb.

Tərtərdə hərbi hissənin şəxsi heyətlə iş üzrə bölmə rəisinin köməkçisi olmuş Ramil Əhmədova isə 9 il 6 ay həbs cəzası təyin edilib. Onun cəzası isə 2022-ci ilin avqustundan hesablanacaq.

Daha bir təqsirləndirilən Fuad Axundovun da əvvəlki cəzası nəzərə alınmaqla 9 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasının əvvəli 2018-ci ildən hesablanacaq.

Zərərçəkənlərin qaldırdığı mülki iddialar təmin olunmayıb. Onlar Tərtər hadisələrində iştirakı olmuş yüksək vəzifəli şəxslərin, hətta şahid qismində olsa belə, məhkəməyə çağırılıb dindirilməklərini istəyiblər.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə), 293.2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2-ci (vəzifə səlahiyyətlərini aşma), 341.2.3-cü və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Ağayev, Cümşüdov və Ağadadaşov Tərtər hadisələri ilə bağlı 3 dəfə mühakimə olunublar. Bundan öncə Ağadadaşov və Cümşüdovun hərəsinə 6 il, Ağayevə isə 10 il həbs cəzası kəsilib.

2021-ci ilin dekabrında Tərtər işi üzrə icraat yenilənəndən sonra onlar haqqında yenidən cinayət işi başlanıb. Bu dəfə başqa zərərçəkənlərə qarşı işgəncə ittihamları ilə məhkəmə qarşısına çıxarılıblar.

Prokuror daha əvvəlki cəzaları nəzərə alınmaqla, yekun olaraq, Ağayevə 15 il, Ağadadaşov və Cümşüdovun hərəsinə 13 il, Axundova 11 il, Əhmədova 10 il həbs tələb edib.

Bu məhkəmə prosesində 317 nəfər zərərçəkmiş qismində tanınıb. Üstəlik, işgəncələrdə həyatını itirmiş dörd nəfərin ailə üzvü də zərərçəkmişin hüquqi varisi qismində tanınıb.

Generalın köməkçisi ifadəsində bildirib ki, o dövrdə baş verən işgəncələrdən prokurorluqdan tutmuş, məhkəməyədək hamı məlumatlı idi. Döyülən, yarıçılpaq vəziyyətdə saxlanılan adamları polisdən hakimədək hər kəs görür, amma hamı susurdu.

"Burada mənə sual verirsiniz ki, "orada yarıçılpaq vəziyyətdə saxlanılan hərbçiləri görmüşünüz?". Bəli. Hətta o adamlar elə vəziyyətdə hakimin, müstəntiqin qarşısına da çıxarılıb. Onlar haqqında həbs qərarı da verilib. O vəziyyətdə Kürdəxanıya (Bakı İstintaq Təcridxanasına-red.), DTX-ya da aparılıb, Əgər qanunsuz işlər görürdüksə, onda niyə tutmurdular? O adamlar niyə gördükləri qanunsuzluğa susurdular? Demirdilər ki, bu insanları niyə belə vəziyyətə salıblar?", deyə Ağayev bildirib.

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə yenidən istintaq başlanandan sonra ümumilikdə 452 nəfər zərərçəkmiş kimi tanınıb. "Tərtər işi" azərbaycanlı hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq iddiaları və bu iddiaların araşdırılması zamanı hərbçilərə kütləvi işgəncələrin verilməsini nəzərdə tutur.

Tərtər işgəncələrinə görə cinayət məsuliyyətinə cəlb edilənlərdən toplam üç qrup üzrə 13 nəfərə hökm oxunub. Hər birində dörd nəfərin mühakimə olunduğu iki qrupun məhkəməsi yekunlaşıb. Onlara 4 il 10 aydan 9 il 6 ayadək həbs cəzası kəsilib. Özlərini təqsirli bilmədiklərindən onlar yuxarı instansiya məhkəmələrinə şikayət veriblər.

Verilən cəzanı çox yüngül sayan zərərçəkən tərəf də hökmdən narazı qalıb. Zərəçəkmişlərin fikrincə, ədalətli araşdırma aparılmayıb, Tərtər hadisələrinin əsas təşkilatçıları məsuliyyətdən kənarda saxlanıblar.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG