Gürcüstanın separatçı Abxaziya regionunda etirazçılar əsas hökumət binalarına nəzarəti verməkdən imtina ediblər. Nümayişçilər rusların ərazidə əmlak almasına icazə verən yeni tədbirlərə etiraz olaraq həmin binalara basqın ediblər.
Abxaziya Prezidenti Aslan Bjania şənbə günü nümayişçilərin bölgənin parlament binasını boşaltması halında istefa verəcəyini və növbədənkənar seçkilər keçirəcəyini bildirib. Ancaq Abxaziyanın paytaxtı Suxumidə toplaşan izdiham bu təklifi rədd edib və müxalifət liderləri yalnız Bjanianın qeyd-şərtsiz istefasını qəbul edəcəyini bildirib.
“Heç birimiz bura [parlamentdəki] yerlər üçün gəlməmişik,” Abxaziyanın keçmiş baş naziri Valeri Bqanba sosial mediada canlı yayımlanan videoda izdihama deyib. “Biz bura insanlarımızı, ölkəmizi xilas etmək üçün gəlmişik.”
Rusiyanın dövlət RIA Novosti xəbər verir ki, cümə günü etirazçıların polislə toqquşması nəticəsində ən azı 14 nəfər xəsarət alıb.
Qanunvericilər Rusiya vətəndaşlarına separatçı regionda əmlak almağa icazə verən tədbirlərin ratifikasiyasını müzakirə etmək üçün bölgənin parlament binasına toplaşmışdılar. Ancaq nümayişçilər yük maşını ilə binanın yerləşdiyi əraziyə daxil olub, binaya basqın etdiklərinə görə, parlamentin sessiyası təxirə salınıb. Bəzi nümayişçilər polisə daş atıb, polis isə gözyaşardıcı sax sıxaraq cavab verib.
Abxaziyanın böyük hissəsi 1993-cü ildə bitən döyüşlər nəticəsində Gürcüstandan ayrılıb və Gürcüstan 2008-ci ildə Rusiya ilə qısa müharibə nəticəsində ərazinin geri qalan hissəsinin nəzarətini itirib. Rusiya Abxaziyanı müstəqil ölkə kimi tanıyır, ancaq bir çox abxaziyalılar 245 min sakini olan regionun Moskvadan asılı dövlət olmasından narahatdır.
Əmlak sazişinin əleyhdarları onun mənzil qiymətlərini artıracağını və Moskvanın regionda dominantlığını artıracağını deyir. Abxaziyanın dağları və Qara dəniz sahilindəki çimərlikləri onu rus turistlər üçün populyar məkana çevirib, yay evləri üçün tələb də arta bilər.
Bazar ertəsi bənzər bir nümayişdə beş müxalif fəalın həbsi növbəti gün geniş etirazlara səbəb olub və nəticədə Suxumiyə aparan körpülər blok olub.
Forum