Accessibility links

İmran Əliyev barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay uzadılıb


İmran Əliyev
İmran Əliyev

Noyabrın 18-də Xətai Rayon Məhkəməsində “Meclis.info” saytının rəhbəri, 7 aydır həbsdə olan İmran Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

İmran Əliyin özü və vəkili təqdimata etiraz edib, onun əsassız olduğunu bildiriblər, təmin olunmamasını istəyiblər. Saytın rəhbəri ictimai fəaliyyətinə görə siyasi sifarişlə həbs olunduğunu deyib. O, səhhətindəki problemləri də hakimin nəzərinə çatdırıb. Əliyev kəskin ağrılardan əziyyət çəkdiyini, ehtiyacı olduğu halda, lazımi tibbi yardımı ala bilmədiyini deyib. Onun sözlərinə görə, təxminən 15 kiloqram çəki itirib.

İmran Əliyev məhkəmədə də halsız olub.

Məhkəmədə iştirak edən Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi isə təqdimatı müdafiə edib, İmran Əliyev haqqında həbs qətimkan tədbirinin uzadılmasını istəyib. Müstəntiq bildirib ki, istintaq davam edir və hələ bir çox istintaq hərəkətləri aparılmalıdır. Bu müddətdə İmran Əliyevin azadlıqda qalması məqsədəuyğun deyil. Müstəntiq bunu sayt rəhbərinin istintaqdan yayınması, şahidlərə təsir göstərmək ehtimalının olması ilə əsaslandırıb.

Hakim isə təqdimatı təmin edib və Əliyevin istintaq dövrü üçün həbsdə saxlanma müddətini fevralın 19-na qədər uzadıb.

İmran Əliyevin vəkili Xətai Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Ailə üzvlərinin məlumatına görə, noyabrın 18-də həbs qətimkan tədbirinin növbəti dəfə uzadılması, sağlamlığındakı problemlərin nəzərə alınmaması, ehtiyacı olan tibbi yardımı ala bilməməsi səbəbindən yaxın günlərdə aclıq aksiyasına başlamaq niyyətindədir.

Saytın rəhbəri aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

İmran Əliyev Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq - təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Jurnalist ittihamı qəbul etmir, sifariş hesab edir.

Sayt rəhbəri saxlanmazdan bir neçə saat öncə hakimiyyətyönümlü "Qafqazinfo" saytında "Abzas Media" və "Toplum TV" işində yeni faktlar" adlı məqalə dərc olunub və orada İmran Əliyevin də adı çəkilib. Məqalədə o, qrant qaçaqmalçılığında ittiham olunub.

"Meclis.info" parlamentin fəaliyyətini monitorinq edən platformadır.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG