Accessibility links

ABŞ Nümayəndələr Palatasının paneli: Trampın baş prokurorluğa namizədi ilə bağlı hesabatın açıqlanmasına dair razılıq əldə olunamyıb


Met Qeytz. 20 noyabr, 2024.
Met Qeytz. 20 noyabr, 2024.

ABŞ Nümayəndələr Palatasının Etika Komitəsi çərşənbə günü sabiq Respublikaçı nümayəndə və prezident seçilən Donald Trampın baş prokuror vəzifəsində namizədi Met Qeytzlə bağlı demək olar ki, başa çatan təhqiqat hesabatının nəticələrini açıqlayıb-açıqlamamaq üzərində razılıq əldə edə bilməyib.

Panelin sədri, Respublikaçı nümayəndə Maykl Gest komitənin uzun görüşündən sonra deyib ki, “Komitə hesabatı yaymaq üzərində razılıq əldə etməyib.”

O əlavə şərh verməkdən imtina edib. Komitənin dörd Respublikaçı və beş Demokratdan ibarət doqquz digər üzvü də dərhal şərh verməyib.

Qeytz Tramp tərəfindən yanvarın 20-də işə başlayan yeni administrasiyada ölkənin baş prokuroru vəzifəsinə nominasiya edilmədən öncə cinsi istismar və qanunsuz narkotikdən istifadədə ittiham olunmuşdu.

ABC News və The Washington Post xəbər agentlikləri bildirib ki, komitə Qeytzin komitə qarşısında şahid qismində ifadə verən iki qadına 2017-ci ilin iyul ayı ilə 2019-cu ilin yanvar ayı arasına 10 min dollardan çox pul ödədəyini göstərən sənədləri ələ keçirib. Ödənişlər edildiyi zaman 18 yaşından yuxarı olan qadınlar panelə deyib ki, o pulun bir hissəsi seks qarşılığında ödənilib.

Trampın keçid komandasının sözçüsü açıqlamasında Qeytzi müdafiə edib.

“Ədliyyə Nazirliyi Met Qeytzin etdiyi demək olar ki, bütün maddi tranzaksiyalara çıxış əldə edib və onun heç bir cinayət törətmədiyinə dair nəticəyə gəlib. Bu məlumatların sızmasının məqsədi insanların Ədliyyə Nazirliyində islahat görmək mandatına xələl gətirməkdir,” sözçü deyib.

Həm Respublikaçı, həm Demokratlardan ibarət bir neçə ABŞ senatoru hesabatın yayılmasını tələb edir ki, onlar konstitusiyada qeyd edildiyi kimi yeni prezidentin kabinetinə təyinatlarını təsdiq və ya rədd etmək rolunu icra edərkən Qeytiz keçmişini nəzərdən keçirə bilsinlər.

Tramp 42 yaşlı Qeytzi nominasiya edəndən saatlar sonra Qeytz Konqresdən istefa edib, baxmayaraq ki, yenicə beşinci müddətə konqresmen seçilib. Onun istefası ilə Nümayəndələr Palatasının Etika Komitəsinin sonlanmağa yaxın olan araşdırması başa çatıb.

Panelin qanunvericilərin hansı nəticəyə gəldiklərinə dair məlumat verib-verməyəcəyi bəlli deyil.

Ona qarşı sürülən ittihamlar fonunda Qeytz Trampın kabinetə nominasiya etdiyi ən mübahisəli namizədinə çevrilib. Bununla belə prezident seçilən Tramp onu dəstəkləməyə davam edib və onun təsdiq olunma ehtimalını artırmaq məqsədilə qanunvericilərə telefon zəngləri edib.

Qeytz çərşənbə günü onun aqibətini müəyyən edəcək bəzi senatorlarla görüşmək üçün Kapitoli binasına gedib. Senat 1989-cu ildən bəri prezidentlərin kabinetə nominasiya etdiyi heç bir namizədi rədd etməyib. Hər iki siyasi partiyanın üzvləri prezidentlərə yüksək vəzifələrə öz istədikləri şəxsləri təyin etmələri üçün ehtiram göstərirlər.

Respublikaçı senator Lindsi Qraham deyib ki, o, Qeytz və vitse-prezident seçilən Senator JD Vansla görüşüb və onlara təsdiq prosesində nə avtomatik təsdiqin, nə də haqsız rəddin olmayacağını bildirib.

“Bu ittihmlar komitədə müzakirə olunacaq, amma [Qeytz] onu ittiham edənlərlə qarşı-qarşıya gəlmək imkanına layiqdir,” Qraham müxbirlərə deyib.

Ədliyyə Departamenti məsələni araşdırıb amma ötən il rəsmi ittihamlar irəli sürməyi rədd edib.

Qeytzin nominasiyasını nəzərdən keçirəcək Senatın Ədliyyə Komitəsindəki Demokratlar Federal Təhqiqat Bürsonu istintaqda yer alan dəlil sənədlərini onlara təqdim etməyə çağırıb.

Həmin sənədlərə 17 yaşında ikən Qeytzlə cinsi əlaqəyə daxil olmaq üçün ona pul ödənildiyini deyən qadınla müsahibələr daxildir. Qeytz ittihamları rədd edib.

Əvvəllər Nümayəndələr Palatasının Etika Komitəsində xidmət göstərən Demokrat nümayəndə Din Fillips, Qeytzin keçmiş Konqres üzvü olaraq ABŞ hökumətindəki ən güclü vəzifələrdən birinə namizəd olmasının hesabatın açıqlanması üçün bir səbəb olduğunu bildirib.

“O, sadəcə olaraq Nümayəndələr Palatasından getmədi. O indi ölkədə çox mühüm bir vəzifəyə, ölkənin, belə desək, baş hüquq-mühafizə roluna nominasiya edilib. Onu açıqlamamaq qəribə və hər bir etik prinsipə uyğun olmaz,” Fillips deyib.

Nümayəndələr Palatasında cüzi fərqlə çoxluğa rəhbərlik edən spiker Mayk Conson bildirib ki, o, etika komitəsinin hələ ki, başa çatmamış hesabatının ictimaiyyətə açıqlanmasına qarşıdır, çünki Qeytz artıq Konqres üzvü deyil. Ancaq bənzər hallar daha öncə baş verib.

Nəticədə daha öncə Ədliyyə Departamentində çalışmayan və hökumətin hər hansı bir səviyyəsində prokuror vəzifəsində xidmət göstərməyən Qeytzin nominasiyasının təsdiq edib-etməməyə növbəti il ən azı 52-48 səs fərqi ilə Respublikaçıların nəzarətində olacaq Senat qərar verəcək.

Ancaq Trampın yüksək vəzifəli dövlət işlərinə təyin etdiyi digər namizədlər kimi Qeytz də prezident və onun Amerikanı Yenidən Möhtəşəm Et gündəliyinin açıq dəstəkçisi olub.

Bununla belə, Qeytz 2023-cü ildə Nümayəndələr Palatasının o zamankı spikeri Kevin MakKartini vəzifəsindən uzaqlaşdırmaq səylərinə başçılıq edərək, bəzi Respublikaçıları qəzəbləndirmişdi. MakKarti daha sonra Consonla əvəz edildi .

Forum

XS
SM
MD
LG