Accessibility links

İsraillə Hizbullah arasında əldə olunan atəşkəs qüvvəyə minib


İsrail və Livanda yerləşən Hizbullah militant qruplaşması arasında atəşkəs çərşənbə günü səhər qüvvəyə minib. Bununla da döyüşlərə son qoyulub. ABŞ və Fransa liderləri bunun Qəzza zolağında başqa bir atəşkəsə yol aça biləcəyini bildirib.

Atəşkəs qüvvəyə mindikdən sonra, insanlar maşınları ilə aylarla davam edən döyüşlər və İsrailin evakuasiya əmrləri səbəbilə evlərini tərk etməyə məcbur olduqları Livanın cənubuna doğru axın edib.

İsrail ordusu insanları daha əvvəl təxliyə əmri verdiyi kəndlərdən uzaq durmağa çağırıb.

Birləşmiş Ştatlar və Fransa İsrail Təhlükəsizlik Kabinetinin çərşənbə axşamı təsdiqlədiyi razılaşmaya vasitəçilikdə əsas rol oynayıb.

Ağ Evdə Prezident Co Bayden atəşkəsi Yaxın Şərqdə “zorakılıqlara son qoymaq üçün … kritik addım” adlandırıb. O deyib ki, İran və onun proksiləri, Livanda Hizbullah və Qəzzada HƏMAS militantları İsrail qüvvələri ilə bir ildən çoxdur davam edən döyüşlərdə “ağır bədəl ödəyiblər.”

O bildirib ki, İsrail-Hizbullah razılığı “hərbi əməliyyatların daimi dayandırılması üçün nəzərdə tutulub.”

Ancaq Bayden xəbərdarlıq edib: “Açıq deyim ki, əgər Hizbullah və ya başqası razılaşmanı pozarsa və İsrailə birbaşa təhlükə törədərsə, o zaman ölkəsini məhv etməyi vəd edən terror qruplaşması ilə üzləşən hər bir ölkə kimi İsrail də beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə hüququnu özündə saxlayır.”

Dörd illik vəzifə müddətinin başa çatmasına iki aydan az vaxt qalan ABŞ lideri deyib ki, Hizbullahın İsrailə hücumlarını dayandırmağa razılaşması ilə “HƏMAS-ın qarşısında bir şeçim var. Onların yeganə çıxış yolu [Qəzzada saxladığı girovları], o cümlədən Amerika vətəndaşlarını sərbəst buraxmaqdır.”

Bayden deyib ki, “yaxın günlərdə ABŞ Türkiyə, Misir, Qətər, İsrail və digərləri ilə birlikdə Qəzzada atəşkəsə nail olmaq üçün daha bir çağırış edəcək.”

Onun sözlərinə görə, İsrail-Hizbullah razılaşması “sülhün mümkün olduğunu” göstərdi.

Co Bayden
Co Bayden

İsrail Baş naziri Netanyahu televiziyada yayımlanan çıxışında deyib ki, o, atəşkəsə tərəfdir çünki beləcə İsrail diqqətini İranın yəhudi dövlətinə törətdiyi daha böyük təhlükəyə yönəldə, qüvvələrini və sursat təchizatını yeniləyə və Qəzzada İsrailə qarşı davam edən döyüşdə HƏMAS-ı təcrid edə bilər.

Netanyahu söz verib ki, əgər Hzbullah İsrailə hücumlarını yeniləsə və ya özünü yenidən silahlandırsa, İsrail Livanda militantların obyektlərinə bombardmanını davam etdirəcək.

“Atəşkəsin uzunluğu Livanda baş verənlərdən asılı olacaq,” Netanyahu deyib. “Birləşmiş Ştatların tam anlayışı ilə biz tam hərbi fəaliyyət azadlığını qoruyuruq – Hizbullah razılaşmanı pozarsa və silahlanmağa çalışarsa, biz hücum edəcəyik.”

Netanyahunun Hizbullahla 14 aydır davam edən döyüşlərə son qoymağa doğru addımı İsrailin Beyrutun cənub ətraflarında militant hədəflərə zərbələr endirməsindən saatlar sonraya təsadüf edib.

Atəşkəs qüvvəyə minmədən bir neçə saat əvvəl İsrail qüvvələri Livan-Suriya sərhədinə zərbələr endirib. Suriyanın dövlət xəbər agentliyi ən azı 6 nəfərin öldüyünü bildirib.

İsrail ordusu Suriya və Livan arasında Hizbullaha silah çatdırmaq üçün istifadə edilən tranzit yollarına zərbələr endirdiyini bildirib.

İsrail illərdir İranın dəstəklədiyi militantlara silah axınını dayandırmaq üçün Suriyaya hava hücumları edir.

Suriya Ərəb Qızıl Aypara təşkilatı yaralıları xilas etməyə çalışarkən sərhəd keçid məntəqələrinə endirilən zərbələr nəticəsində könüllülərindən birinin həlak olduğunu, digərinin isə yaralandığını bildirib. Təşkilatdan verilən açıqlamada bir neçə təcili yardım maşınına ziyan dəydiyi zədələndiyi bildirilib. Təşkilat münaqişənin bütün tərəflərini humanitar qanunlara hörmət etməyə və humanitar işçiləri qorumağa çağırıb.

Hizbullah Qəzzada İsraillə müharibə aparan HƏMAS militantlarına dəstək məqsədilə 2023-cü ilin oktyabrında İsrailə hücum etməyə başlayıb.

ABŞ və Fransa diplomatlarının vasitəçiliyi ilə hazırlanan atəşkəs razılaşmasına əsasən döyüşlər dayandırılacaq və 60 gün ərzində İsrail və Hizbullah Livanın cənubundan çəkiləcək.

Razılaşmadan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken İtaliyada Böyük Yeddilər qrupunun xarici işlər nazirlərinin toplantısında keçirilən mətbuat konfransında jurnalistlərə deyib ki, atəşkəs “sülhün, sabitliyin təmin olunmasının ən yaxşı yoludur.”

Blinken deyib ki, İsraillə Hizbullah arasında döyüşlərə son qoyan razılaşma HƏMAS-ı Qəzzada uzun müddətdir dalana dirənmiş atəşkəs razılığı əldə etməyə sövq edə bilər, çünki onun artıq İsrailin şimalında və Livanda ikinci cəbhədə İsraillə döyüşən İran tərəfindən maliyyələşdirilən müttəfiqi olmayacaq.

İsrail qüvvələri Livan-İsrail sərhədinin cənubuna, Hizbullah isə Litani çayının şimalına çəkiləcək. Plana əsasən, İsrail-Hizbullah döyüşlərində iştirak etməyən Livan ordusundan iki döyüşən tərəf arasındakı bölgədə patrul çəkməsi tələb olunur.

Döyüşlər humanitar böhrana səbəb olub, yüz minlərlə insan evlərindən didərgin düşüb.

Bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı Livanda münaqişə başlayandan bəri yarım milyondan çox insana təcili yardım göstərdiyini açıqlayıb. Təşkilat bir milyon insana yardım çatdırmağı planlaşdırdığını və münaqişənin təsirinə məruz qalan icmalara kritik yardım çatdırmaq üçün yorulmadan işləməyə davam etdiyini bildirib.

HƏMAS militantları 2023-cü il oktyabrın 7-də Qəzzada hazırda davam edən müharibəyə səbəb olan İsrailə hücumunda 1200 nəfəri öldürüb, 250-yə yaxın insanı girov götürüb. İsrail HƏMAS-ın hələ də 101 nəfəri girov saxladığını bildirir. Ordu onlardan 35-nin öldüyünə inanır.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzaya əks-hücumu nəticəsində ən azı 44,235 fələstinli ölüb.

HƏMAS və Hizbullah ABŞ, Böyük Britaniya və digər Qərb ölkələri tərəfindən terror qrupları kimi tanınıb.

Forum

XS
SM
MD
LG