Accessibility links

Livanın Baş naziri İsrail-Hizbullah atəşkəsi fonunda cənub bölgəyə səfər edib


Livanın müvəqqəti Baş naziri Nəcib Mikati bazar ertəsi günü Livanın cənubunda Livan qoşunlarının mövqelərini və BMT-nin sülhməramlı qüvvələrinin postlarını ziyarət edib. Bu, İsrail qoşunları və Hizbullah militantlarının təxminən bir ay əvvəl qəbul etdiyi atəşkəs razılaşması çərçivəsində geri çəkilməli olduqları regionu əhatə edir.

Mikati UNIFIL (BMT-nin Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələri) komandanları ilə görüşdükdən sonra təşkilatın rolunu yüksək qiymətləndirib. O, turuna Livan ordusunun hərbi hissəsinə baş çəkməklə başlayıb.

Müvəqqəti Baş nazir İsrail qoşunlarının Livandan çıxmasının vacibliyini vurğulayıb, beləliklə, Livan ordusunun öz vəzifələrini yerinə yetirə biləcəyini bildirib.

Atəşkəs razılaşması İsrail və Hizbullah qüvvələri çıxdıqdan sonra Livan qoşunlarının Livanın cənubunda yerləşdirilməsini tələb edir.

İsrail qoşunları sentyabr ayının sonunda sərhəddən Hizbullahı geri çəkilməyə məcbur etmək məqsədilə ölkəyə daxil olub. Hizbullah ilə atəşkəsdən sonra İsrail qüvvələri diqqətini Qəzza zolağında HƏMAS-a qarşı müharibəyə yönəldib.

Qəzzanın tibb işçiləri bazar ertəsi günü bildirib ki, İsrailin hava hücumları azı 20 nəfərin ölümünə səbəb olub.

BMT-nin humanitar məsələlər idarəsinin rəhbəri Tom Fletçer bazar ertəsi günü bildirib ki, İsrail Qəzzanın əhalinin sıx məskunlaşdığı ərazilərini vurmağa davam edir, "bu, İsrail qüvvələrinin insanların köçməsini əmr etdiyi ərazilərdə dağıntılara, məcburi köçkünlük və ölümə səbəb olur".

İsrail rəsmiləri daha əvvəl oxşar qiymətləndirmələrə cavab olaraq, əhalinin sıx olduğu ərazilərdə fəaliyyət göstərdiyi üçün HƏMAS-ı günahlandırıb.

Fletçer Qəzzaya ehtiyacı olanlara yardım göndərmək məsələsində narahatlığını ifadə edib. O, Qəzzanın şimal bölgəsinin "iki aydan artıqdır ki, tam təcrid altında olduğunu" bildirib.

Fletçer İsrail hökumətinin humanitar işçilərin giriş imkanını rədd etdiyini və Qəzzada yerli quldur dəstələrinin "təchizatları sistematik şəkildə talan etdiyini" qeyd edib.

"Biz humanitar dəstəyi təmin etmək üçün çətin bölgələrlə mübarizə aparırıq. Lakin hazırda Qəzza ən təhlükəli yerdir, çünki bu il daha çox humanitar işçi həyatını itirib, bu, hər hansı bir dövrə nisbətən ən yüksək rəqəmdir" - deyə, Fletçer əlavə edib.

HƏMAS-ın 2023-cü ildə İsrailə hücumunda 1200 nəfər ölüb və təxminən 250 nəfər girov götürülüb. Hələ də Qəzzada təxminən 100 girovun saxlanıldığı və onların ən azı üçdə birinin öldüyü güman edilir.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzadakı əks-hücumları 45 200-dən çox insanın ölümünə səbəb olub.

HƏMAS və Hizbullah ABŞ, Birləşmiş Krallıq və Avropa İttifaqı tərəfindən terror təşkilatları kimi tanınır.

Forum

XS
SM
MD
LG