İlkin nəticələrə görə, Azərbaycanda yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində seçicilərin 31,45 faizi səs verib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, bütün məntəqələr vaxtında açılıb və vaxtında bağlanıb.
Seçicilərin hamısı azad, sərbəst şəkildə səs verdikdən sonra seçkilərə yekun vurulub.Məzahir Pənahov, MSK sədri
“Məntəqələrdə olan seçicilərin hamısı azad, sərbəst şəkildə səs verdikdən sonra artıq seçkilərə yekun vurulub və məntəqə seçki komissiyasının protokolları Seçki Məcəlləsinin tələbinə uyğun olaraq müşayiətlə dairə seçki komissiyasına çatdırılıb. Sonra isə həmin nəticələr Mərkəzi Seçki Komissiyasının internet səhifəsinə yerləşdirilib”, o qeyd edib.
Yanvarın 30-da səhər Mərkəzi Seçki Komissiyasının internet saytında seçkilərin keçirildiyi 685 bələdiyyə üzrə 118 seçki dairəsinin əksəriyyəti üzrə səsvermənin nəticələri yayımlanıb.
Qeyd edək ki, 8071 bələdiyyə üzvü uğrunda 16 096 namizəd mübarizə aparıb, onların yarıdan çoxu hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsidir.
Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, bu partiyanın 14 namizədindən 5-i bələdiyyə üzvü seçilib.
Natiq Cəfərlinin sözlərinə görə, seçkilərə ümumən inam az olduğundan, bu vacib dövlət qurumuna seçkilərə maraq çox az olub.
Partiyadan 5 bələdiyyə üzvü seçilməsi kiçik bir uğurdur.Natiq Cəfərli, Real sədri
“REAL Partiyası yarandığı gündən seçkili mer deyir, qanun dəyişiklikləri təklif edir, icra hakimiyyətinin ləğvini istəyir - gec-tez, bunlar olacaq, çünki, məntiq bunu deyir. Dünənki seçkilərdə 5 REAL üzvü bələdiyyəyə üzv seçildi, digər namizədlərimizlə bağlı bəzi pozuntular oldu, qanuni yollarla onların haqlarını qoruyacağıq”.
O hesab edir ki, ilk dəfə partiyadan 5 bələdiyyə üzvü seçilməsi kiçik bir uğurdur.
“Böyük qələbələr kiçik addımlarla qazanılır. Seçilmiş üzvlərimizi təbrik edirəm, onlara uğurlar diləyirəm. Ölkəmizdə bir gün mütləq seçki yolu ilə ciddi sistem dəyişiklikləri olacaq! Mütləq!”, REAL sədri Facebook səhifəsində qeyd edib.
Müsavat Partiyasının başqan müavini Mustafa Hacıbəyli Amerikanın Səsinə bildirib ki, bu təşkilatın 30 namizədindən heç biri bələdiyyələrə keçməyib.
Bələdiyyə seçkiləri azad və ədalətli olmayıb, əhalinin iradəsini ifadə etməyibMüsavat Partiyası
Müsavat Partiyası Mərkəzi Seçki Qərargahının ilkin rəyində deyilir ki, Azərbaycanda keçirilən bələdiyyə seçkiləri azad və ədalətli olmayıb, əhalinin iradəsini ifadə etməyib.
“Azərbaycanda keçirilən bələdiyyə seçkiləri beynəlxalq standartlara, hakimiyyətin Azərbaycan dövlətinin üzv olduğu beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə cavab verməyib - seçkilər azad və ədalətli olmayıb, əhalinin iradəsini ifadə etməyib.
Müsavat Partiyası bələdiyyə seçkilərinin nəicələrinin ləğv edilməsini, ölkədə hüquqi dövlət, demokratik cəmiyyətin qurulmasını təmin edəcək islahatların, o cümlədən seçki islahatlarının aparılmasını, yeni seçkilərin keçirilməsini tələb edir”, sənəddə qeyd edilir.
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bələdiyyə seçkilərində iştirak etməyən yeganə siyasi partiyadır.
Seçki deyil, əsil ASAN xidmətdir. Adını siyahıya saldırırsan, sonra da gedib vəsiqəni götürürsən.AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli bələdiyyə seçkilərinin yekunları ilə bağlı bildirib ki, Azərbaycanda "seçki" keçirildiyindən xalqın 99 faizinin heç xəbəri olmayıb.
“İlham Əliyev seçki institunu o həddə məhv edib ki, bələdiyyə "seçkilərində" nəinki xalq, hətta seçki komissiyası üzvləri və namizədlərin əksəriyyəti belə iştirak etməyib. Seçki deyil, əsil ASAN xidmətdir. Adını siyahıya saldırırsan, sonra da gedib vəsiqəni götürürsən. Seçicilərlə görüş keçirmək, platforma hazırlayıb, paylamaq, təbliğat aparmaq, yarışmaq, xalqı inandırmaq, xalqa əziyyət verib onları seçkilərə gətirmək kimi "köhnəlmiş" və "mənasız" əziyyətlərdən namizədlərin də, xalqın da canı qurtarıb”, o qeyd edib.
Forum