Rusiya şənbə günü Ukraynanın şərqində yerləşən və ağır döyüşlərin getdiyi Toretsk şəhəri yaxınlığında bir kəndi ələ keçirdiyini açıqlayıb. Bu arada, Kyiv gecə saatlarında baş verən Rusiya hücumlarında dörd nəfərin öldüyünü bildirib.
Rusiya Müdafiə Nazirliyi öz qoşunlarının Donetsk vilayətinin şimal-şərqində, Toretsk şəhərinin ətrafında yerləşən Krımske kəndini ələ keçirdiyini bəyan edib. Son aylarda bu bölgədə şiddətli döyüşlər gedir.
Rusiya ordusu ağır canlı qüvvə və texnika itkilərinə baxmayaraq, Donetsk vilayətində yavaş, amma ardıcıl irəliləyiş əldə etdiyini bildirir.
Çərşənbə axşamı, bölgədəki Ukrayna qoşunları Toretsk və ön cəbhədə strateji əhəmiyyətə malik Çasiv Yar şəhərlərində şiddətli döyüşlərin getdiyini bildirmişdi.
Ukraynalı hərbi analitiklərdən ibarət “DeepState” qrupu bildirir ki, Rusiya qüvvələri aylarla bu iki mübahisəli şəhərin mərkəzində mövcudluğunu qoruyub saxlayır.
Rusiya hücumlarında 4 nəfər həlak olub
Gecə saatlarında Ukraynanın mərkəzindəki Poltava və şimal-şərqdəki Xarkov şəhərlərinə edilən Rusiya hücumları nəticəsində azı dörd nəfər həyatını itirib.
Ukrayna hakimiyyəti şənbə günü səhər saat 7:00-dan əvvəl bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edib və bir neçə bölgədə raket və pilotsuz təyyarə hücumu təhlükəsi olduğunu bildirib.
Ukrayna fövqəladə hallar xidməti Telegram-da verdiyi açıqlamada, Poltavada yaşayış binasına edilən raket hücumu nəticəsində azı üç nəfərin öldüyünü, 13 nəfərin isə yaralandığını, onlardan üçünün vəziyyətinin ağır olduğunu bildirib.
Xidmət tərəfindən yayılan görüntülərdə yanğınsöndürənlərin alovlar içində qalan dağıntılar arasında sağ qalanları axtardıqları görünür.
“Rusiya terroru”
Xarkovda isə Rusiya ordusuna məxsus bir pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, lakin onun qalıqları yaşayış ərazisinə düşüb. Hadisə nəticəsində bir qadın həyatını itirib, dörd nəfər yaralanıb. Bu haqda vilayət qubernatoru Oleq Sinequbov Telegram-da məlumat verib.
Rusiya Müdafiə Nazirliyi gecə həyata keçirilən hücumların Ukraynanın hərbi-sənaye kompleksini təmin edən qaz və enerji infrastrukturlarını hədəf aldığını açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski isə hücumların ölkəsinin özünü müdafiə etməsi üçün daha çox hava hücumundan müdafiə sisteminə ehtiyac duyduğunu göstərdiyini bildirib.
“Dünən gecə Rusiya şəhərlərimizə müxtəlif növ silahlardan – raketlərdən, hücum dronlarından və hava bombalarından istifadə edərək hücum etdi,” – Zelenski deyib.
“Hər bir hava hücumundan müdafiə sistemi, hər bir raketdən müdafiə vasitəsi insan həyatını xilas edir. Ən vacib məsələ odur ki, tərəfdaşlarımız lazımi addımları atsın və Rusiyaya qarşı təzyiqləri artırsın,” – deyə o əlavə edib. O, Xarkov, Xmelnitski, Kyiv, Odesa, Sumı və Zaporojye bölgələrində dağıntıların olduğunu bildirib.
Ukrayna hücumunda 2 nəfər həlak olub
Həftənin əvvəlində Ukrayna Qərbi Rusiyaya pilotsuz təyyarələrlə böyük hücum həyata keçirib. Hücum nəticəsində bir uşaq və onun anası həyatını itirib, həmçinin bir neft emalı zavodunda yanğın baş verib.
Bu arada, Rusiya Ukraynaya qarşı tammiqyaslı işğalının dördüncü ilinə daxil olur.
ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası zamanı bildirib ki, yanvarın 20-də vəzifəyə başladıqdan sonra münaqişəni 24 saat ərzində dayandıra biləcək. O, Vaşinqtonun Ukraynaya ayırdığı vəsaitin miqdarını tənqid edib və Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcəyini bəyan edib.
Forum