İsrailin baş naziri Benyamin Netanyahu bu həftə Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüş zamanı ölkəsinin “HƏMAS üzərində qələbəsi”, İranın təcavüzünə qarşı mübarizə və ərəb ölkələri ilə diplomatik əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edəcəyini bildirib.
Prezident Tramp çərşənbə axşamı iki həftə əvvəl ikinci dörd illik müddətə hakimiyyətə gəldikdən sonra görüşəcəyi ilk xarici dövlət başçısı olan Netanyahunu qarşılamağa hazırlaşır.
Tramp Netanyahunun uzun müddətdir müttəfiqi olub və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffu İsrailin HƏMAS-a qarşı müharibədə hazırkı altı həftəlik atəşkəs və girovların qaytarılması müqabilində məhbus mübadiləsində vasitəçilik etmək üçün regiona göndərib.
Lakin militantlar İsrailin saxladığı yüzlərlə fələstinli məhbusun müqabilində 18 girovu azad etsələr də, atəşkəsin ikinci mərhələsi üzrə qarşıda çətin danışıqlar gözlənilir.
ABŞ tərəfindən terrorçu qrup kimi tanınan HƏMAS İsrailin buna imkan verməyəcəyini bildirməsinə baxmayaraq, keçən ay atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra Qəzzaya nəzarəti tez bir zamanda bərpa etdi.
Militantlar döyüşlər dayandırılmadan və İsrail qüvvələri Aralıq dənizinin sahilində dar ərazi olan Qəzzadan tamamilə çıxarılmadan atəşkəsin ikinci mərhələsi üçün nəzərdə tutulan daha çox girovu azad etməyəcəklərini bildiriblər.
Netanyahu martın əvvəlində atəşkəsin birinci mərhələsi başa çatdıqdan sonra müharibəni bərpa etmək üçün hökumətdə ifrat sağçı tərəfdaşlarının artan təzyiqi ilə qarşılaşır.
Tramp İsrailin sadiq tərəfdarıdır, lakin o, eyni zamanda Yaxın Şərqdə müharibələrə son qoyacağını vəd edib və atəşkəs razılaşmasının əldə edilməsində vasitəçilik səylərində rolunu qeyd edib.
Netanyahu bildirib ki, İsrail hələ də HƏMAS üzərində tam qələbəyə və militantların 2023-cü il oktyabr 7-də 1200 nəfərin ölümü və 250 nəfərin girov götürülməsi ilə nəticələnən hücumda əsir götürülən bütün girovların geri qaytarılması işinə sadiqdir.
HƏMAS-ın sağ qalan və ölən onlarla girovu saxladığına inanılır.
İsrailin 15 aydır davam edən müharibədə əks-hücumları nəticəsində yarıdan çoxu qadın və uşaqlar olmaqla 47 mindən çox fələstinlinin həlak olduğu bildirilir. İsrail hərbi qüvvələri bildirib ki, ölənlərin sayına öldürülən 17 min militant daxildir.
Forum