ABŞ rəsmiləri ötən həftə Vaşinqton səmasında ölümlə nəticələnən qəzanı araşdırmağa davam edir. İlkin məlumatlar ABŞ-da təxminən 25 ildə ən ölümcül aviasiya qəzasında toqquşmuş sərnişin təyyarəsi və hərbi helikopterinin yüksəklikləri ilə bağlı ziddiyyətli məqamları göstərir. Amerikanın Səsinin müxbiri Araş Arabasadi ətraflı məlumat verir.
Vaşinqtonun Reyqan Milli Hava Limanının kamerası keçən həftə American Airlines sərnişin təyyarəsinin ABŞ ordusuna məxsus Black Hawk helikopteri ilə toqquşması anını çəkib.
Təyyarənin bütün sərnişinləri və uçuş heyəti də daxil olmaqla, 67 nəfər həlak olub.
Polis qayıqları Potomak çayında ABŞ-da son 25 ilin ən ölümcül aviasiya qəzasının qalıqlarını təhqiq edir.
Oval Ofisdən jurnalistlərə danışan ABŞ prezidenti Donald Tramp bildirib ki, sələfi prezident Co Baydenin yürütdüyü siyasət fəlakətə töhfə verib.
"Bütün bunlar Bayden administrasiyasının pis qaydaları, normaları və digər şeylər nəticəsində baş verdi. Və onların işlərini idarə etmə tərzinə baxdığınız zaman əslində, işə götürdüyümüzə baxsanız, onlara etmələrini söylədiyim ilk şeylərdən biri, “Uçuş zolağına baxan o gözəl qüllələrə istedadlı insanları toplayın” dedim. Yaxşı olar ki, onları ora tez gətirilə, çünki bizdə ixtisaslı insanlar yoxdur”, Tramp deyib.
Tramp əvvəlki administrasiyaların hava nəqliyyatı dispetçerlərinin işə götürülməsi üçün standartları aşağı saldığını iddia edib və bunun üçün federal hökumətdəki müxtəliflik, bərabərlik və inklüzivlik və ya DEI təşəbbüslərini günahlandırıb. O, keçən həftə icra sərəncamları ilə bu təşəbbüsləri geri çevirdiyini bildirib.
“Dinləyin. İnternet ekspertlərinin sui-qəsd nəzəriyyələrini yayması bir şey, Birləşmiş Ştatlar prezidentinin cəsədlərin tapılması və ailələrə hələ də məlumat verildiyi üçün boş fərziyyələrin atması başqa bir məsələdir. Sadəcə ürəyinizi bulandırır”, Senatda Demokratların lideri Çak Şumer bildirib.
Bu arada, Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının və ya NTSB-nin müstəntiqləri kokpit səs yazıcısından gələn ipuçlarını və təxminən 99 metr hündürlüyünü göstərən sərnişin təyyarəsindən əldə edilən uçuş məlumatlarını bir araya gətirməyə çalışıblar.
İdarə qülləsindən alınan məlumatlar qəza zamanı helikopterin 60 metrə yaxın olduğunu göstərib. Uyğunsuzluqla bağlı araşdırma davam edir.
Trampın nəqliyyat naziri deyir ki, təhlükəsiz olsa da, Amerikanın hava hərəkətinə nəzarət sistemləri təkmilləşdirilməlidir.
“O, köhnəlib. İstifadə etdiyimiz bir çox sistem İkinci Dünya Müharibəsinə aiddir. Sistemi təkmilləşdirməliyik. Dünyanın ən yaxşı sisteminə sahib olmalıyıq... Irqiniz, dininiz, rənginiz, cinsiniz, cinsi üstünlükləriniz məni maraqlandırmır. Mən bunların heç biri ilə maraqlanmıram. Mən sadəcə amerikalıları təhlükəsiz saxlamaq üçün ən yaxşısını və ən parlağını istəyirəm”, Nəqliyyat Naziri Şon Daffi qeyd edib.
Vaşinqtondakı qəza iki sərnişin və dörd ekipajı daşıyan tibbi nəqliyyat təyyarəsinin Pensilvaniya ştatı, Filadelfiya ərazisində yerə çırpılmasından iki gün əvvəl baş verib.
Həmin təyyarə havaya qalxdıqdan təxminən 30 saniyə sonra yerə çırpılıb.
Forum