İsrailin baş naziri Benyamin Netanyahu bazar günü Vaşinqtona səfərə çıxmazdan əvvəl yaydığı bəyanatda prezident Tampla “bütün komponentləri ilə İranın terror oxunun öhdəsindən gəlməyi” müzakirə edəcəyini bildirib.
Siyasi fəal Aslan Sultani Amerikanın Səsi ilə söhbətində deyib ki, İran və ABŞ arasında danışıqlar baş tutsa “Tramp administrasiyasının İrandan tələb edəcəyi şərtlər ağır olacaq.”
Sultani İran məsələsinin hazırda Tramp administrasiyasının əsas prioritetlərindən biri olmadığını deyib. Ancaq, onun sözlərinə görə, “təbiidir ki, bu administrasiya İran məsələsini bu və ya o şəkildə həll etməyə çalışacaqdır. Bu məsələ ya danışıqlarla ya da başqa müdaxilələr ilə həll edilməlidir.”
O, İslam Respublikasının ağır vəziyyətdə olduğunu önə çəkib: “İran rejimi içəridə məşruiyyətini böyük miqdarda itirib. Özəlliklə bu son dörd ildə ki, o olaylar oldu, gənclərin küçələrdə öldürülməsi və işgəncələr, İran rejimi böyük dərəcədə məşruiyyətdən düşdü. Əlavə olaraq, iqtisadi durumun da ağır olduğuna şahidik. İqtisadiyyatdır ki, bir dövlətin davamını təmin edər və ya yox olmasına səbəb olar. Biz görürük ki, İranın bölgədəki müttəfiqləri və vəkil qüvvələri də böyük dərəcə də ortadan qaldırılıb. İran çox güc itirib.”
Bir müddətdir İran mediası İran və ABŞ arasında müzakirələrin başlayacağı ehtimalı ilə əlaqədar təhlillər və reportajlar yayımlayırlar.
Aslan Sultaninin sözlərinə görə, hazırkı durumda “bir qeyri-müəyyənlik var ki, İran tərəfi, özəlliklə dövlət çox təşviş içindədir. Məsələn Bayden hakimiyyəti gələndə bir rahatlama bir stress relyef gəlmişdi İran dövlətinə ki, hə, Demokratlar dövründə bizə daha yumşaq davranacaqlar, bizi daha çox təhəmmül edəcəklər. Belə də oldu. Çox rahatlamadılar Obama dövrünün sonlarına tay, amma, biraz rahatlama gəldi, Çinə filana biraz neft ixrac edə bildilər.”
Siyasi fəal hesab edir ki, danışıqlar baş tutsa, İrandan tələb olunan şərtlər əvvəlki nüvə razılığından olduqca fərqlənəcək.
“Mən düşünürəm ki, Tramp administrasiyası tərəfindən irəli sürüləcək şərtlər çox ağır şərtlər olacaq. Yəni, nüvə anlaşması məsələsini tamamən unudun. Elə tələblər ortaya qoyulacaq ki, İranın indiki hakimiyyətini sarsıdacaq. Ya bu tələblərə boyun əyəcəklər ya da boyun qaçıracaqlar. Boyun qaçırsalar, daha çox çətinliklərlə üzləşəcəklər həm dövlət, həm də millət olaraq. Əgər buna getsələr, bu sual yaranır ki, İranın içindəki radikallar, məsələn Sabitlik Cəbhəsi, qədim Höcəttiyə Əncüməni, basqı qruplar, Bəsic, Sepah, Sepahın içindəki o qüvvələr ki, artıq dövlət içində dövlətdirlər, bunlar anlaşmaya nə rekasiya verəcəklər? İran şərtləri qəbul etsə içəridən böyük basqılar olacaq. Mən düşünürəm ki, bu, hətta daxili qanlı qarşıdurmaya da gətirib çıxarar. Çevrilişə gəlib çıxara bilər. Rejimin çökməsinə çıxara bilər,” deyə Aslan Sultani əlavə edib.
Forum