"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı istintaqın nəticələrinə dair ilkin hesabat yaxın günlərdə açıqlanacaq.
Bu barədə Qazaxıstan mediası ölkənin nəqliyyat naziri Marat Karabayevə istinadən məlumat verib.
"Mütəxəssislər çox çalışırlar. İşə Azərbaycan Respublikasından, Rusiya Federasiyasından, istehsalçı ölkə kimi Braziliyadan, CENIPA və İCAO-dan beynəlxalq mütəxəssislərin cəlb olunduğu barədə xəbər vermişdik. Bütün bu mütəxəssislər birlikdə işləyirlər. Onlar son mərhələdədir və yaxın günlərdə rəsmi saytımızda ilkin hesabatın dərc olunmasını gözləyirik", nazir qeyd edib.
Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında Bakı-Qroznı reysini həyata keçirən AZAL-ın sərnişin təyyarəsi məcburi eniş edərkən qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla, 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırma Mərkəzinin (Cenipa) mütəxəssisləri qəzaya uğramış AZAL Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin qara qutularını təhlil ediblər. Təyyarənin uçuş reqistratorlarının (qara qutularının) şifrəsinin açılması 2025-ci il yanvarın 7-də başa çatıb. Təyyarənin şifrəsi açılmış uçuş qeydləri yanvarın 15-də Braziliyadan Qazaxıstana gətirilib.
ICAO Konvensiyasına uyğun olaraq qəzanın təhqiqatına Qazaxıstan rəhbərlik edir. İşdə Azərbaycan, Rusiya mütəxəssisləri, beynəlxalq ekspertlər və Embraer şirkətinin nümayəndələri iştirak edir.
Azərbaycan mediası həmçinin Euronews və Reuters Rusiya hava hücumundan müdafiə sistemindən atılan raketin fəlakətə səbəb olması barədə materiallar dərc edib.
Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
Dekabrın 29-da Prezident İlham Əliyev bildirib ki, Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında Azərbaycanın mülki təyyarəsi kənar təsirə məruz qalaraq zədələnib və idarəetməni praktiki olaraq itirib. Onun sözlərinə görə, təyyarə elektron idaretmə vasitəsi ilə idarəolunmaz hala salınıb.
Bundan başqa, Azərbaycan Prezidenti Rusiyaya qarşı üzr istənilməsini, günahkarların cəzalandırılmasını və kompensasiya verilməsi tələblərini irəli sürüb. Rusiya Prezidenti üzr istəsə də, digər iki tələbin yerinə yetirilib-yetirilməyəcəyi ilə bağlı hələ rəsmi açıqlama yoxdur.
Forum