Accessibility links

İctimai fəal Nicat İbrahimin məhkəmədə özünü təqsirli bilmədiyini deyib


Nicat İbrahim (Mənbə: Sosial şəbəkə)
Nicat İbrahim (Mənbə: Sosial şəbəkə)

Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin məhkəmə istintaqı başlayıb.

Hakim Aygün Qurbanovanın sədrliyilə keçirilən budəfəki məhkəmə prosesində prokuror ittiham aktını elan edib.

Bu barədə Amerikanın Səsinə onum vəkili Zibeydə Sadıqova bildirib.

İttiham aktına əsasən, Nicat İbrahim Bəhmən Əliyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

İctimai fəala Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Məhkəmədə ittihama münasibət bildirən Nicat İbrahim özünü təqsirli bilmədiyini deyib.

Onun sözlərinə görə, hadisə 2024-cü il sentyabrın 9-da baş verib.

Nicat İbrahimin sözlərinə görə, o, Bakının 3-cü mikrorayon ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə yaxınlaşıb və bir nəfər ona yaxınlaşaraq alışqan istəyib.

“Bir nəfər yaxınlaşıb alışqan istədi. Heç cavabı gözləmədi. Üstümə cumdu. O tərəfdən polislər tökülüşdü. Gözümü tutan kim, ağzımı tutan kim. Olanları görməyim”, o, məhkəmədə bildirib.

Nicat İbrahim daha sonra ifadəsində bildirib ki, onu götürüb Nəsimi Rayon Polis İdarəsinə aparıblar və orada onu və yaxınlarını işgəncə ilə hədələyiblər.

Nicat İbrahim həmçinin deyib ki, sentyabrın 6-da həyat yoldaşı və uşaqları ilə birlikdə ölkədən getmək istəyərkən hava limanında saxlanılıb, ona çıxışına qadağa qoyulduğu bildirilib.

Bu səbəbdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə 20 dəfə zəng edib, ölkədən çıxışına qadağa qoyulmasının səbəbini soruşub.

“Hirslənib dedim ki, özümü Daxili İşlər Nazirliyinin qarşısında yandıracam. Mənim şikayətimi 19-cu bölməyə yönləndirmişdilər, orada mənə dedilər ki, nazirliyin qarşısında niyə yandırırsan? Səni aeroportdan buraxmayıblar, aeroportda yandır. Mən başa düşə bilmirəm ki, mənimlə niyə belə davranırlar. Heç kimlə düşmən deyiləm. Anlamıram ki, mənə qarşı bu düşmənçilik hardan gəlir. Jurnalist deyiləm, bloger deyiləm. Prezidentdən narazılığım yoxdur. Əksinə, Prezident mənə Laçında ev verib. Biz Laçından məcburi köçkünük”, ictimai fəal məhkəmədə bildirib.

Nicat İbrahimin vəkili Zibeydə Sadıqova vəsatət qaldırıb ki, onun polis idarəsində pis rəftara məruz qalması barədə şikayəti araşdırılsın.

Məhkəmə şikayətin araşdırılması üçün Nəsimi Rayon Prokurorluğuna məktub göndərəcək.

Məhkəmə prosesi martın 3-də davam edəcək.

İctimai fəal barəsində əvvəlcə Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Dekabrın 12-də ittiham ağırlaşdırılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma- ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 221.3 (Xuliqanlıq-əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yeni itthamlar verilib.

İttiham sübut olunsa, onu 6 ildən 11 ilədək həbs gözləyir.

Bundan öncə, Nicat İbrahim 2021-ci il martın 5-də Bakının Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 1 il 3 ay azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə - koronavirus olduğu halda, küçəyə çıxıb başqalarının həyatına təhlükə yaratmaqda təqsirli bilinib.

Nicat İbrahim 2020-ci il iyulun 20-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə gedərkən saxlanılıb.

Məhkəmədə son sözündə İbrahim günahsız olduğunu, heç vaxt koronavirusa yoluxmadığını, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını deyib.

Nicat İbrahim ictimai fəaldır. O, sosial şəbəkələrdə çoxsaylı tənqidi statusları ilə hökuməti tənqid edib.

İbrahim bir neçə il əvvəl ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirib.

Azərbaycanda son illər bir neçə fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsa da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.

Bu cür ittihamla həbs olunanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Hümbətov, Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov, hökumətin siyasətini tənqidləri ilə tanınan keçmiş diplomat Emin İbrahimov da var. Dekabrın 3-də isə hüquq müdafiəçisi Rüfət Səfərov buna oxşar hadisə ilə həbs edilib.

Forum

XS
SM
MD
LG