Accessibility links

Meydan TV-nin həbs edilən jurnalisti Ramin Deko ev dustaqlığına buraxılmadı


Ramin Deko
Ramin Deko

"Meydan TV" işi üzrə həbs olunmuş jurnalist Ramin Cəbrayılzadənin (Deko) ev dustaqlığı ilə bağlı vəsatati təmin edilməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, vəsatatə fevralın 4-də Xətai Rayon Məhkəməsində baxılıb.

Nemət Kərimlinin sözlərinə görə, vəsatət üçün əsas səbəb istintaq hərəkətlərin aparılmaması olub.

"Həbs qətimkan tədbirin özü də heç bir sübut, dəlil olmadan seçilib. Hazırda da heç bir istintaq hərəkəti aparılmır. Biz hesab edirik ki, belə olan halda Ramin Cəbrayılzadənin həbsdə qalması üçün heç bir əsas yoxdur. Təəssüf ki, məhkəmə vəsatətimizi təmin etməyib".

Vəkil qeyd edib ki, çərşənbə axşamı məhkəməsində Deko da iştirak edib.

O, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.

Ötən ay Meydan TV-nin həbs edilən jurnalistləri Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, Natiq Cavadlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin edilməyib.

Jurnalistlərin vəkilləri məhkəmənin bu qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti veriblər. Məhkəmə onlar barəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.

“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

“Fəaliyyətə başladığımız gündən jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.

Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabına dəfələrlə kiberhücum olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefonlarını dinləyib.

Forum

XS
SM
MD
LG