Fevralın 3-də Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə Nərimanov Rayon Məhkəməsinin İbadoğlular ailəsinə məxsus bütün əmlakın üzərinə həbs qoyulması barədə qərardaddan verilən şikayəti təmin etməyib.
Bu barədə Amerikanın Səsinə Qubad İbadoğlunun özü bildirib.
27 noyabr 2024-cü ildə Nərimanov Rayon Məhkəməsi hakim Gültəkin Əsədovanın sədrliyi ilə Baş Prokurorluğun təqdimatı və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəsatəti əsasında İbadoğlular ailəsinə məxsus bütün əmlakın üzərinə həbs qoyulması barədə qərardad çıxarıb.
Qubad İbadoğlunun sözlərinə görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən “məhkəmə prosesi”ndə sənədlər və subutlar təqdim olunsa da hakimlər şikayəti təmin etməyib və Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
“Biz Sovet dövründən və 1990-cı illərdən ailəmizə məxsus dörd mənzilin sənədlərini təqdim etdik. Əlavə olaraq ailəmizin maliyyə mənbələri və mənzillərin vərəsəliklə ailmizə keçməsi barədə sənədləri təqdim etdik. Əmlak mənim həyat yoldaşıma məxsusdur, mənzillər 90-cı illərdə vərəsəlik hüququ ilə həyat yoldaşımın adına keçən mənzillərin satışından əldə edilən vəsaitlə alınıb. Bunların hamısı 90-cı illərdə baş verib. Amma məhkəmə təqdim etdiyimiz sənədləri araşırmadı, qanuni qərar qəbul etmək əvəzinə Nərimanov Rayon Məhkəməsinin qərardadını qüvvədə saxladı”, o qeyd edib.
O məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini bildirib.
“Bu ədalət axtarışıdır. Biz istərdik ki, ədalət Azərbaycanda bərpa olunsun. Amma təbii ki, buna nail omaq mümkün olacaqsa Avropa Məhkləməsinə qədər davam etdirəcəyik. Çox təəssüf ki, indiki halda Azərbaycan məhkəmələri hətta notarial funksiyanı belə lazımi səviyyədə yerinə yetirmir. Bu işi hətta notariuslar on dəqiqəyə həyata keçirir. Təsəvvür edin ki, Nərimanov Rayon Məhkəməsində cəmi 10 dəqiqə proses keçirilib. Yalnız hakimin iştırakı ilə keçirilən bu “məhkəmə prosesi” hakimin müşavirə otağına getməsi ilə cəmi 10 dəqiqə çəkib. Halbuki hakimin səndələrlə tanış olması üçün azı saatlarla vaxt tələb olunur”, İbadoğlu qeyd edib.
Qubad İbadoğlu səhhətinin getdikcə ağırlaşıdğını və yalnız “allahın ümidinə” qaldığını bildirib.
“Səhhətim indiki anda yalnız dərmanların və allahın ümidinə qalıb. Çünki artıq həkimlər də məni müayinə və müalicə etməkdən imtina edirlər, çəkinirlər. Hətta son dəfə müraciət etdiyim həkimin sualı ondan ibarət oldu ki, xəstəxanaya gəlmək üçün icazə almısınızmı? Məlumat vermisinizmi? Bu baxımdan Azərbaycanda adekvat tibbi yardım ala bilmirəm. İnidki vəziyyətim əvvəlkindən daha pisdir. Çünki, son müayinə altı ay əvvəl keçirilmişdi. Müayinə göstərdi ki, daha əvvəlki altı ayda damarda genişlənmə artıb. Bu tibdə sürətli inkişaf sayılır və indi cərrahi müdaxilə səviyyəsindəyik. Bu mənim həyatım üçün kifatyət qədər risklidir. Çünki ürəyimdə aorta damarın genişlənməsi damarın partlaması ilə və həyatın bitməsi ilə nəticələnə bilər. Ona görə cərrahi müdaxiləyə ehtiyac var”, o qeyd edib.
Qubad İbadoğli Amerikanın Səsinə telefonla müsahibə zamanı arada təngənəfəs olub, tez-tez fasilələr verib.
“Təngənəfəsliyim ürəyimdə gedən proseslərlə bağlıdır. Aorta damarın genişlənməsi digər əlavə problemlər yaradıb. Bu artıq ürək qapağının zədələnməsinə gətirib çıxarıb. Bu proseslərin nəticəsində nəfəsalma qabiliyyətim getdikcə məhdudlaşır, təngənəfəslik yaranır. Görsənən əlamətlər odur ki, dəyişikliklər getdikcə pisliyə doğrudur. Həkimlər bunu daha yaxşı bilərlər. Təəssüflər olsun ki, artıq həkimlərə də müraciət edə bilmirəm. Bir daha bildirirəm ki, dərmanların və allahın ümidinə qalmışam. Çalışıram ki, dərmanlarla təzyiqimi, şəkərimi, qanda bəzi elementləri tənzimləyim. Xolesterinin, vitaminlərin səviyyəsini normada saxlayım. Amma bunlar heç də mənim xəstəliyimin müalicəsi deyil, xəstəliyi yaradan faktorların artmamsına xidmət edir. Dərmanların uzun müddət qəbulu da əlavə problemlər yaradır”, İbadoğlu qeyd edib.
O istintaqın dayandırılması ilə bağlı mətbuatda yayılan məlumatdan başqa məlumata malik olmadığını bildirib.
“Sadəcə istintaqın 2024-cü il iyulun 29-da dayandırıldığını bilirəm. Mənə və müdafiəçilərimə əlavə məlumat verilmir”, İbadoğlu deyib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.
Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı cinayət işinin istintaqı qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bununla yanaşı, İbadoğlunun ölkədən çıxışına qadağa qoyulub.
Qubad İbadoğlunun xaricdə müayinə və müalicə olunması üçün ölkədən buraxılmasına icazə verilməsi tələbi ilə çoxsaylı beynəlxalq təşkilatlar, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının deputatları, ABŞ Dövlət Departamenti, həmçinin çoxsaylı ABŞ senatorları və konqresmenləri Azərbaycan hökumətinə müraciət edib. Buna baxmayaraq İbadoğlu müayinə və müalicə üçün xaricə buraxılmır.
Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Rəsmi Bakı cinayət işinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.
Forum