Rusiya, İran və Azərbaycanın Xarici İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi və gömrük xidmətlərinin rəhbərləri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Rəşt-Astara dəmir yolu qolunun tikintisinin gedişatını müzakirə etmək üçün yaxın vaxtlarda görüşəcəklər.
Bu barədə TASS”a İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
“Yaxın vaxtlarda İran, Rusiya və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, energetika nazirləri və gömrük xidmətləri rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyi planlaşdırırıq", səfir qeyd edib.
Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsinə dair sazişin 2025-ci ilin martına qədər imzalanması planlaşdırılır.
Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır. Azərbaycan Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub dəhlizi vasitəsilə 14-20 gün olması gözlənilir.
Politoloq Zərdüşrt Əlizadə Amerikanın Səsinə bildirib ki, Azərbaycan və Rusiyanın münasibətlərində Şimal-Cənub dəmir yolu dəhlizinin işə salınması prioritetdir.
“Rusiya istəyir ki, Azərbaycan və İran vasitəsi ilə cənub dənizlərinə çıxa bilsin. Bu zaman Azərbaycanın əhəmiyyəti daha da artacaq. Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Rusiya anlayır ki, əvvəlki üsullarla, zərərli və yararsız üsullarla bölgəni nəzarətdə saxlamaq mümkün deyil. Bu səbəbdən də Rusiya qarşılıqlı, faydalı iqtisadi əlaqələrə üstünlük verir”, Zərdüşt Əlizadə bildirib.
Rusiya hökumətinin məlumatına görə, 2024-cü il dekabrın 21-də Rusiya ilə Azərbaycan arasında Şimal-Cənub dəhlizində tranzit yükdaşımaların inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb.
Saziş Şimal-Cənub dəhlizinin qərb marşrutu üzrə dəmir yolu ilə yükdaşımaların və infrastrukturun inkişafının əlaqələndirilməsi mexanizmini müəyyən edir. Yüklərin daşınması üçün sərhədi keçməyi asanlaşdıran şərait yaradılacaq, daşımaların həcmlərinin artım templəri ilə dəmir yolu infrastrukturunun inkişafı arasında tarazlıq təmin ediləcək.
2023-cü il mayın 17-də Tehranda İran və Rusiya Şimal-Cənub dəhliznin bir komponenti olacaq Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi barədə saziş imzalayıb.
Sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcək.
Rəşt-Astara xəttinin uzunluğu 170 kilometr olacaq. O, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirmək üçün lazımdır, bu da Transxəzər marşrutunun iqtisadi səmərəliliyinin artmasına imkan verəcək.
Rəşt-Astara dəmir yolunun salınmasından sonra Moskva və Sankt-Peterburqdan yük və konteynerlər birbaşa və dayanmadan İranın cənubundakı Fars körfəzində Bəndər-Abbas limanına daşına biləcək. Digər tərəfdən Rusiyanın Hindistan, ərəb ölkələri və İrandan idxal etdiyi mallar da Fars körfəzində İranın cənub limanlarından Azərbaycan vasitəsilə Rusiyaya çatdırıla bilər.
Forum