“Abzas Media”nın həbsdə olan əməkdaşı Nərgiz Absalamovanın zorakılığa məruz qaldığı bildirilir.
“Abzas Media” nəşrinin məlumatına görə, bir ildən çoxdur “saxta ittihamlarla həbsdə saxlanılan jurnalist Nərgiz Absalamova 1 saylı Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qalıb. Bu barədə jurnalistin özü ailəsinə məlumat verib”.
Absalamova bildirib ki, vəkillə görüşdən qayıdarkən nəşrin həbsdə olan digər əməkdaşı Sevinc Vaqifqızının saxlanıldığı kameraya yaxınlaşaraq ona salam vermək istəyib.
“Bu zaman onu xüsusi zorakılıqla kameranın qarşısından uzaqlaşdırmağa çalışan Aygül Babayeva adlı nəzarətçi dırnaqları ilə jurnalistin qolunu bir neçə yerdən dərin cızıb. Nəticədə Absalamovanın qolunda yara izləri yaranıb. Jurnalistin bildirdiyinə görə, bu, həmin nəzarətçinin ilk belə davranışı deyil və o, bundan əvvəl də bir neçə dəfə onlara qarşı xüsusi zorakılıq və kobudluq hallarına yol verib”, nəşr qeyd edir.
“Abzas Median”nı məlumatı ilə bağlı Penitensiar Xidmətin əməkdaşı Aygül Babayeva hələ şərh verməyib.
Amerikanın Səsinin sorğusuna Penitensiar Xidmət də hələ cavab verməyib.
Amma Penitensiar Xidmət bundan öncə Amerikanın Səsinin eyni məzmunlu sorğularına cavabda bildirib ki, cəzaçəkmə müəssisələrində və təcridxanalarda saxlanılan şəxslərə qarşı münasibət qanunvericilik normalarına və daxili nizamnamə qaydalarına uyğun qurulub, hər hansı ayrıseşkiliyə yol verilmir.
“Abzas Media” nəşri həmçinin bildirir ki, Aygül Babayeva bir neçə həftə əvvəl “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızına qarşı da “zorakılıq” tətbiq edib.
“Ötən ilin noyabrında da nəşrin qadın korpusunda saxlanılan baş redaktoru Sevinc Vaqifqızı, reportyorları Nərgiz Absalamova və Elnarə Qasımova kameralarının nəfəsliklərinin bağlanmasına etiraz edəndə onlara qarşı zor tətbiq olunub. Nəzarətçilər Sevinc Vaqifqızının qolunu nəfəsliyin qapısının arasında qoyublar”, nəşrin məlumatında qeyd edilir.
2023-cü ilin noyabrından etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan "Abzas Media"nın 6 əməkdaşı - direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.
Ötən ilin mayında "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də "Abzas Media işi" çərçivəsində həbs edilib. Elə həmin gün "Abzas Media" bəyanat yayaraq Mehralızadə ilə əməkdaşlılıq əlaqəsinin olmadığını bildirib.
Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar.
Ötən ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb. İstintaqın irəli sürdüyü əlavə ittihamları da nəzərə alsaq, jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.
Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.
Forum