Prezident Donald Trampın həftə sonu Kanada, Çin və Meksikaya tarifləri elan etməsi bazar ertəsi qlobal səhm bazarlarının enişinə səbəb olub. Tramp güzəştlər müqabilində Meksika mallarına 25% tarifi bir ay təxirə salacağını elan etdikdən sonra onlar itirilmiş mövqelərini bərpa ediblər. Daha sonra Kanadaya dair də bənzər qərar elan edilib. Amerikanın Səsinin müxbiri Anita Pauel Ağ Evdən xəbər verir.
Prezident Donald Trampın həftə sonu tarifləri Ottavada, Mexikoda, Pekində, Nyu-Yorkda, Honq-Konqda, Seulda və Taybeydə hiss olunub. Trampın Meksika və Kanadaya 25 faiz, Çinə isə 10 faiz tariflər tətbiq etməsindən sonra bazar ertəsi bütün dünyada səhmlər dəyər itirib.
Vaşinqtonda Tramp bazar ertəsi Meksika ilə miqrasiya axınlarını və qeyri-qanuni narkotiklərin cənub sərhədindən keçməsini dayandırmaq məqsədi daşıyan Meksikadan güzəştlər müqabilində tarifləri bir ay müddətinə dayandırmaq barədə razılığından danışıb. Onun açıqlamasından sonra bazarlar tez bir zamanda bəzi itkiləri bərpa ediblər. O, həmçinin bazar ertəsi Kanada ilə də bənzər qərarı elan edib.
"İnsanların içəri daxil olmasını dayandırmalıyıq və fentanili dayandırmalıyıq və buna Çin də daxildir. Fentanil bu il ən azı 200 000 insanı öldürüb. O, Meksika və Kanada vasitəsilə Çindən gəlir. Və onlar bunu dayandırmalıdırlar. Və bunu dayandırmasalar, tariflər daha da pisləşəcək”, Prezident Donald Tramp bildirib.
Meksika prezidenti Klaudia Şeynbaum bazar ertəsi ümidverici fikirlər səsləndirib.
"Əminəm ki, bu ayda biz nəticələr əldə edə bilərik, sizin xalqınız üçün Meksika xalqı üçün yaxşı nəticələr əldə edə bilərik və bu, razılaşmanın nəticəsi idi. Hörmətlə yanaşılan yaxşı danışıq oldu", o bildirib.
İqtisadçı alimlər istehlakçıların tezliklə çətinlik hiss etməyə başlayacağını söyləyərək tarixi paralellərə işarə ediblər.
“Bu, bizi 1930-cu illərə qaytarır. Xatırladığınız kimi, ticarət müharibəsi Böyük Depressiyanı dərinləşdirən amillərdən biri idi, çünki bütün dünyada iqtisadiyyatlar idxalı kənarda saxlamaq üçün maneələr qurdular. Uzunmüddətli perspektivdə tariflərin yüksək saxlanılması qlobal ticarətin ümumi həcminin azalmasına gətirib çıxaracaq ki, bu da rəqabəti azaldacaq və texnoloji innovasiyaların dünya üzrə yayılmasını azaldacaq. Və bu, ABŞ iqtisadiyyatının və qlobal iqtisadi artımın sürətini azaldaraq daha uzun müddətə başa çata bilər”, Amerika Biznes İnstitutundan Stiv Kamin qeyd edib.
Çinin BMT-dəki səfiri Fu Konq bazar ertəsi Pekinin Ümumdünya Ticarət Təşkilatına müraciət edəcəyini bildirib.
"Biz hesab edirik ki, bu, Ümümdünya Ticarət Təşkilatının qaydalarının pozulmasıdır. Buna görə də Çin ÜTT-yə şikayət edir. Həm də başa düşürük ki, biz əks tədbirlər görməli ola bilərik. Və onu da qeyd edim ki, ticarət müharibəsində qaliblər yoxdur", o bildirib.
Tramp bu addımın qiymətləri qaldıra biləcəyini etiraf edib, lakin daha yüksək tariflərin ABŞ-ın maraqlarını gücləndirmək üçün “buna dəyər” deyib.
Forum