ABŞ-ın Təhsil Nazirliyinin onlarla işçisi Prezident Trampın federal hökumətdə müxtəliflilk, bərabərlik və inklüzivlik proqramlarını (DEI) qadağan edən sərəncamına cavab olaraq ödənişli inzibati məzuniyyətə çıxarılıb. Bu barədə nazirliyin yüzlərlə işçisini təmsil edən həmkarlar ittifaqı məlumat verib.
Amerika Hökumət İşçilərinin 252-ci Yerli Federasiyasının prezidenti Şeria Şmit deyib ki, işçilərin nə səbəblə və neçə nəfərin inzibati məzuniyyətə çıxarıldığı bəlli deyil. İnzibati məzuniyyətə göndərilən işçilərin əksəriyyəti DEI təşəbbüsləri ilə işə götürülməyib və onlar agentliyin orta məktəblərə milyardlarla dollar pul göndərən ofisindən tutmuş, vətəndaş hüquqları qanunlarını həyata keçirən ofisinə kimi bir neçə idarəsində işləyir.
Bu qərar İlon Maskın başçılıq etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) hökumət daxilindəki departamentlərdə, o cümlədən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində proqramları və federal işçilərin sayını kəsməyə çalışdığı bir vaxta təsadüf edir.
Təhsil Nazirliyinin sözçüsü Medison Biederman deyir ki, DOGE komandası bazar ertəsi Təhsil Nazirliyində Trampın sərəncamlarını və gündəliyini həyata keçirmək üzərində işləyib.
Nazirlik kadr dəyişiklikləri ilə bağlı hələ şərh verməyib və neçə işçinin məzuniyyətə göndərildiyini açıqlamayıb.
Təhsil Nazirliyinin ən azı 55 işçisinə cümə günü göndərilən elektron məktubda onların Trampın sərəncamına əsasən dərhal qüvvəyə minən ödənişli məzuniyyətə göndərildikləri bildirilib. Associated Press-in əldə etdiyi e-poçtun surətinə əsasən, bu, "hər hansı intizam məqsədi" üçün edilməyib.
Məzuniyyətə göndərilənlər rəsmi email hesablarına girişlərini itirib və onlara işə getməmələrinə göstəriş verilib. Onların arasında Vaşinqtonda və ölkə üzrə regional ofislərdə 4000-dən çox işçinin çalışdığı nazirliyin idarələr boyu bir sıra işçilər və menecerlər var.
Smit deyib ki, belə görünür, məzuniyyətə göndərilənlərin əksəriyyəti nazirlik tərəfindən təklif olunan könüllü müxtəliflik təlimi seminarına qatılıb. Müxtəlifliyin Dəyişikliyi Agenti proqramı illərdir, o cümlədən Trampın birinci prezidentlik dövründə nazirlik tərəfindən irəli sürülüb.
AP-nin əldə etdiyi 2019-cu ilə aid daxili e-maildəki məlumata əsasən, iki gün davam edən proqramın məzunlarının rol modeli kimi xidmət etmələri və nazirliyin “müxtəlif işçi qüvvəsi cəlb etmək və saxlamaq qabiliyyətini” təkmilləşdirməyə kömək etmələri gözlənilirdi.
Smit deyib ki, yüzlərlə işçi bu təlimi keçib, amma onların hamısının məzuniyyətə göndərilib-göndərilmədiyi bəlli deyil. O, bir çox insanın həmin təlimin güclü şəkildə təşviq edildiyi və ya tələb olunduğu təəssüratında olduğunu söyləyib.
Məzuniyyətə göndərilən bəzi işçilər bu hərəkətin federal tələbə kreditlərinin və tələbə maliyyə yardımı üçün tələb olunan FAFSA formasının idarə edilməsi da daxil olmaqla, agentliyin əsas işini poza biləcəyini deyib. İşçilər təqib edilməkdən qorxaraq adlarının anonim qalması şərti ilə danışıblar.
Trampın sərəncamına əsasən federal hökumətdəki bütün DEI işçilərinin ödənişli məzuniyyətə göndərilmələri və nəhayət işdən çıxarılmaları tələb olunur. Bu, Respublikaçı prezidentin irqçi olduğunu söylədiyi müxtəliflik proqramlarına qarşı daha geniş təqibinin bir hissəsidir.
Tramp seçki kampaniyası zamanı "radikallar, fanatiklər və marksistlərin" sızdığını söylədiyi Təhsil Nazirliyini bağlamağı vəd edib. Onun sözlərinə görə, nazirliyinsəlahiyyətləri ştatlara və məktəblərə verilməlidir.
Forum