Siyasi fəal Məcid Araz Amerikanın Səsinə müsahibəsində son vaxtlar İran prezidenti Məsud Pezeşkianın türk dilində şeir oxuyarkən iradla qarşılaşması, eləcə də İranın ali dini lideri Seyyid Əli Xameneyinin “Azərbaycan və Təbrizin gənclərinə” xitabən verdiyi mesajlar haqqında danışıb.
Məcid Araz müsahibədə İslam Respublikası hakimiyyəti daxilində “türk məsələsi ilə bağlı dərin fikir ayrılıqlarının” mövcud olduğunu vurğulayıb.
Prezident Pezeşkian fevralın 16-da Təbriz Mədəniyyət Həftəsi mərasimlərinin qapanış tədbirində türkcə şeir oxuyarkən iradla qarşılaşmışdı. Pezeşkian ona verilən bir qeydi oxuduqdan sonra gülümsəyərək demişdi ki, “problem deyil, iki dənə türkcə şeir oxumaq problem yaratmaz ki!”
Bu hadisədən bir gün sonra İranın ali dini lideri Seyyid Əli Xameneyinin də bir tədbirdə Azərbaycan və Təbriz barəsində sözləri İran agentlikləri tərəfindən yayıldı. “Bizim Təbrizin gənci bugün bölgənin durumunu görür və bilir. Dostu-düşməni seçir. O tərəfdən bir nəfərin ərbədələri (gurultu) və bu tərəfdən birinin ulamaları qarşısında qorxu və passivlik hiss etmir Azərbaycanın və Təbrizin gənci,” İranın ali lideri dilə gətirib. Xameneyi sohbətlərində həmçinin Birinci Dünya müharibəsi dövründə Təbriz əhalisinin “Osmanlı və Çar qüvvələrinə qarşı müqavimət göstərdiyini” irəli sürüb.
Pezeşkian türkcə şeir oxuyarkən yaşanan hadisə İran Azərbaycanı, eləcə də Türkiyə və Azərbaycan Respublikasında geniş şəkildə yayıldı, ancaq, ali dini liderin sözləri daha az gündəmdə oldu.
“Son günlərdə yaşanan olaylarda öncə birisi gəlir prezidentə, Pezeşkiana Təbriz Kültür Həftəsində danışarkən xəbərdarlıq edir. Ondan sonra Xameneyi çıxır Azərbaycan Cümhuriyyəti və Türkiyəyə qarşı nəzakətsiz ifadələr işlədir; nərə çəkənlər və ulayanlar filan. Amma, az müddət sonra görürük ki, Pezeşkian Azərbaycanın baş naziri Əli Əsədov və Azərbaycan heyəti ilə olan görüşündə türkcə xoş gəldin deməsi və salamlaşması tam şəkildə yayılır. Daha sonra Pezeşkian yenə bir danışığında bir Türkcə məsəl deyir və tam deyir”, Məcid Araz deyib.
Araz bu kimi hadisələri İran hakimiyyəti daxilində “türk məsələsi ilə bağlı dərin bir görüş ayrılığının” əlamətləri kimi dəyərləndirib.
“Ümumi mənzərəyə baxdığımız zaman, mən belə anlayıram ki, İran rejiminin içərisində türk məsələsi haqqında dərin bir görüş ayrılığı var. Məsələn, Pezeşkianın öz çərçivəsində və rejim çərçivəsində türk kimliyinə olan marağı və əlaqəsi yeni bir şey deyil. Bu, prezident olmasından çox daha öncəsində də bu adamın danışıqlarından bilinirdi və əsasən o tərəfi ilə də prezidentliyə gətirildi. Ondan sonra da bu mövqeyini davam etdirdi.... bir tərəfdən də biriləri gəlir ona xəbərdarlıq edir. Təbrizn də cümə imamı Xameneyinin sözlərinin davamında deyir ki, biz bu ulayanların səsini kəsəcəyik,” siyasi fəal bildirib.
Məcid Araz İslam Respublikasının bir çox sahədə ziddiyyətlər ilə qarşı-qarşıya olduğunu önə çəkib.
“Rejim həqiqətən ziddiyyətlər ilə qarşı-qarşıyadır. Bir çox cəhətdən, siyasi, iqtisadi və beynəlxalq əlaqələr cəhətindən. O ziddiyyətlərdən elə biri də türk məsələsi ilə bağlıdır. Türk məsələsi ilə bağlı dərin bir qayğı var, dərin bir görüş ayrılığı var. Bir qanat deyir ki, biz türklərlə bir şəkildə keçinməliyik, yanımızda tutmalıyıq, gərək olsa imtiyaz verməliyik, olsun, Pezeşkian çıxsın şeirini oxusun, bir şey olmaz. Qarşı tərəf deyir ki, yox biz bunlara imtiyaz verdikcə bunlar daha çox imtiyaz almağa başlayacaq”, o qeyd edib.
Forum