Rusiya rəsmiləri çərşənbə axşamı bildirib ki, Ukraynanın 90-dan çox dronla həyata keçirdiyi hücum Moskva regionunda ən azı iki nəfərin ölümünə və 18 nəfərin yaralanmasına səbəb olub.
Bu hücum ümumilikdə sərhəd bölgələrindən tutmuş Rusiya paytaxtına qədər uzanan 10 regionunu hədəf alan 300-dən çox Ukrayna dronunun iştirak etdiyi gecə hücumlarının bir hissəsi olub.
Moskva regionunun qubernatoru Andrey Vorobyov Telegram kanalında bildirib ki, yaralılarla yanaşı, dron qalıqlarının düşməsi nəticəsində bir yaşayış binasına zərər dəyib.
Hücum həmçinin Moskva hava limanlarında uçuş məhdudiyyətlərinə və qatar xidmətlərinin dayandırılmasına səbəb olub.
Rusiya Müdafiə Nazirliyi Moskva ərazisində 91, ümumilikdə isə 337 dronu vurduğunu açıqlayıb.
Nazirlik bildirib ki, Kursk vilayəti üzərində 126, Bryansk üzərində 38, Belqorod üzərində 25, Ryazan üzərində 22 və Kaluga, Lipetsk, Oryol, Voronej və Nijni Novqorod üzərində bir neçə dron məhv edilib.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib ki, dron qalıqları bəzi ərazilərdə elektrik enerjisinin kəsilməsinə və bir neçə yaşayış binasının zədələnməsinə səbəb olub.
Ukrayna hərbi qüvvələri çərşənbə axşamı gecə hücumlarında Rusiyanın istifadə etdiyi 126 drondan 79-nu vurduğunu açıqlayıb.
Hərbi qüvvələrin bildirdiyinə görə, bu müdaxilələr Çernihiv, Dnepropetrovsk, Xarkiv, Xerson, Kyiv, Odessa, Poltava, Sumı, Vinnitsa, Zaporijye və Jitomir bölgələri üzərində baş verib.
Kaluga rəsmiləri də bir neçə binanın zədələndiyini, Lipetskdə isə bir nəfərin yaralandığını bildirib.
Forum