Accessibility links

Tofiq Yaqublu aclıq aksiyasına başlayacağını deyir


Həbsdə olan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu aprel ayının 1-dən aclıq aksiyasına başlayacağını deyir. Bu barədə martın 11-i onun qızı Nigar Həzi məlumat yayıb.

Həzinin atasına istinadən yaydığı bəyanatda siyasətçi bildirib ki, qərarı qətidir. “Mənim həbsxanadan ancaq ölüm çıxacaq. Çünki bu aclıq aksiyasında sona qədər davam edəcəm. Nə vaxt ölərəm, onda da bu aclıq aksiyası bitər. Necə ki, Maqnitski aktı var, eləcə də qoy Yaqublu aktı olsun. Bəlkə mənim ölümüm bu ölkəyə azadlıq gətirər. Məni dələduzluqda ittiham etmək tərbiyəsizlik, ləyaqətsizlik və şərəfsizlikdir. Mən 75 yaşında həbsxanadən çıxmaqdansa, ölümü seçirəm”, - deyə o qeyd edib.

Yaqublu ittiham olunduğu cinayət işinin saxta olduğunu və hökmün prezident İlham Əliyev tərəfindən verildiyini deyib. Əlavə edib ki, tələbi azadlığa çıxmaqdır və buna nail olana qədər aclıq aksiyasını dayandırmayacaq.

Martın 12-i Həzi Facebook səhifəsində bildirib ki, bəyanatdan sonra atasına təzyiqlər başlanıb. O, təzyiq kimi Yaqublunun martın 15-i Qaradağ rayonunun Umbakı qəsəbəsində yerləşən penitensiar kompleksə köçürüləcəyini yazıb. “Həbsxanada olanlar bilirlər ki, məhbus üçün bu köçürmələr işgəncədir, əziyyətdir. Bu, Tofiq Yaqubludan aclıq edəcəyi üçün qisas almaqdır. Bunun başqa adı yoxdur”, - deyə Həzi vurğulayıb.

“Bəlkə yuxarıdakılar düşünürlər ki, Tofiq Yaqublu Umbakıda aclığa başlasa, ailəsi hər gün ora getməz və ya ondan məlumat ala bilməz. Bəylər, belə şey mümkün deyil. Lazım gəlsə, təbridxananın önündə çadır qurub gözləyərik”, - deyə o əlavə edib.

Yaqublu bundan əvvəlki həbslərində də aclıq aksiyaları keçirmiş və nəticədə həkimlərin rəyinə görə orqanizminə ciddi fəsadlar yaranmışdı. 2020-ci ilin sentyabrında hökm oxunmasına etiraz olaraq keçirdiyi aclıq aksiyasının 19-cu günündə o, şərti azadlığa buraxılmışdı.

Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 9 il həbs cəzasına məhkum olunub. O, 2023-cü ilin dekabrında həbs olunub və Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (saxta sənəd hazırlama, istifadə etmə) maddələriylə ittiham olunub.

Cinayət işində iddia olunur ki, Yaqublu Almaniyaya getmək istəyən Elşən Hüseynov adlı şəxsdən Elnur Məmmədov vasitəsilə 25 min avro və 10 min manat alaraq onu aldadıb.

Yaqublu ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu deyir. O, daha öncə də - 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində, 2020-ci ildə xuliqanlıqda və başqa ittihamlarla təqsirləndirilib və bir neçə dəfə həbsdə olub.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın fevral ayında hazırladığı ölkədəki siyasi məhbusların yeni siyahısına əsasən Azərbaycanda 357 siyasi məhbus var. Bunların 32 nəfərini müxalifət partiyaları və hərəkatlarının üzvləri təşkil edir.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG