Həbsdə olan insan haqları fəalı, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədli hökumətyönlü mediada haqqında gedən yazıya cavab verib.
Bu barədə “Gözətçi” insan haqları portalı Məmmədlinin vəkili Fariz Namazlıya istinadən məlumat yayıb. Vəkil fəalla martın 12-i saxlanıldığı Bakı İstintaq Təcridxanasında görüşüb.
Məmmədli fevralın 18-i “Report” informasiya agentliyində “USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir?” başlıqlı məqalədə onun haqqında gedən ittihamlara cavab verib. O, məqalədəki məlumatları “cəfəngiyyat və təxəyyülün məhsulu” adlandırıb.
Hüquq müdafiəçisi bildirib ki, o, 2013-cü ildən bəri USAID-lə heç bir əməkdaşlıq etməyib. O, 2016-2023-cü illərdə müxtəlif regional layihələrdə məsləhətçi, təlimçi və analitik kimi fəaliyyət göstərdiyini deyib və “öz peşəkar fəaliyyəti çərçivəsində yalnız insan hüquqları və vətəndaş cəmiyyətinin inkişafına töhfə verdiyini” bildirib.
Məmmədli bu kimi məqalələrin istintaq tərəfindən planlı şəkildə dövriyyəyə buraxıldığını düşündüyünü deyib. O vurğulayıb ki, burda məqsəd ictimai rəyə təsir edərək onun hüquq müdafiəçisi kimi fəaliyyətini qeyri-qanuni göstərmək və hüquq müdafiəçilərinin işinə kölgə salmaqdır.
Fevralın 18-i “Report” informasiya agentliyi Anar Məmmədlinin 2024-cü ildə NED, NDİ, USAİD kimi təşkilatlardan aldığı qrant vəsaitlərinin qarşılığında 7 fevral bələdiyyə seçkiləri dövründə təxribatlar törətmək öhdəliyi götürdüyünü iddia edib. ““Seçki pozuntuları” üzrə qondarma səhnələr yaratmaq, bu səhnələr üzərində videoçəkilişlər aparıb yaymaq, beləliklə, seçkinin demokratik keçirildiyini şübhəyə salmaq üçün planlar qurub. Bu məqsədlə 500 nəfərdən ibarət “seçki müşahidəçisi”nin təşkilatlandırılması və təlimatlandırılması qərara alınıb. Planın icrası üçün qeyd edilən donorlar tərəfindən SMDTM-yə yüksək məbləğdə qrantlar ayrılıb”, - deyə məqalədə yazılıb.
Anar Məmmədli bu il aprelin 29-da saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər haqsız həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.
Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.
Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.
Anar Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, seçki və referendumun nəticələrini saxtalaşdırmaqda ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan edilib.
O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Anar Məmmədli 2014-cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.
Azərbaycan rəsmiləri bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Forum