Accessibility links

Açıq havada Şekspir


Nyu York şəhərində hər gün onlarla pulsuz mədəni hadisə baş tutur. Kilsələrdə keçirilən klassik musiqi konsertlərindən tutmuş, Tayms meydanında göstərilən sehirbaz şoularına kimi.

Belə tədbirlərdən biri də açıq havada Uilyam Şekspirin əsərlərini izləməkdir. Şəhər parklarında canlı tamaşa qurulur. Aktyorlar elə parkda səhnə geyimlərini geyinərək şəhər sakinlərinə tamaşa göstərir. Beləliklə, tamaşaçılar evlərinin yanındakı parkda ikən, birdən-birə Şekspir dövrünə səyahət edə bilir.

“Parkda Şekspir” adlanan bu proyektin məqsədi teatra getməyə imkanı olmayan insanları da Şekspirin yaradıcılığı ilə tanış etməkdir. Proyektin lozunqu belədir: “Şekspir hamınındır”. Şekspir yaradıcılığının ümumbəşəri irsimiz olduğuna inanan təşkilatçılar dahi dramaturqun əsərlərini hamının anlaya biləcəyi şəkildə, sadə dildə göstərməyə çalışır.

Şekspirin park tamaşaları ilk dəfə 1954-cü ildə rejissor Cosef Pap tərəfindən düşünülüb. Pap əvvəlcə Şekspir emalatxanası keçirib. Daha Sonra Manhettenin kiçik parklarında ilk tamaşaları təşkil etməyə başlayıb və nəhayət bu tamaşaları Nyu Yorkun ən nəhəng parklarından biri olan Mərkəzi Parka gətirib çıxarıb. Mərkəzi Parkdakı tamaşalar o qədər böyük diqqətlə qarşılaşır ki, Mərkəzi parkın idarəsi parkda xüsusi açıq hava teatrı qurmağa məcbur qalır. Bu açıq hava teatrında göstərilən ilk tamaşa yenə də Şekspirin əsəri olan “Venesiya Taciri” olub.

Mərkəzi parkdakı Şekspir tamaşaları o qədər məşhurlaşıb ki, dünya ulduzları bu tamaşalarda yer almağa səy göstərib. Bu günə qədər park teatrında Al Paçino, Morqan Friman, Meril Strip Şekspir tamaşalarında izləyicinin önünə çıxıb.

Şekspirlə başlayan açıq hava teatrlarının proqramı getdikcə genişləməyə başlayıb. Hər il proqramda Şekspirin ən az bir əsəri göstərilsə də, başqa dramaturqların da əsərlərinə yer verilir. Bu dramaturqların arasında Çexov, Homerin əsərləri də səhnəyə qoyulur.

Hər il səksən min insanın izlədiyi park tamaşalarını bu günə qədər təxminən beş milyon insan izləyib.

XS
SM
MD
LG