Accessibility links

“İnsan Hüquqları Evi” Fondu Bakıda polis zorakılığını pisləyib


“İnsan Hüquqları Evi” Fondu Azərbaycanda qadın fəallara hücumu, o cümlədən onların şəxsi həyatlarını hədəfə alan praktikanı qınayır.

Bu barədə təşkilatın bəyanatında deyilir.

“Azərbaycan hakimiyyətini vətəndaşlarının sərbəst toplaşma və ifadə azadlığı pozuntularını dərhal dayandırmağa, eyni zamanda qadın hüquq müdafiəçiləri və gənc insan haqları müdafiəçiləri də daxil olmaqla bütün insan hüquqları müdafiəçilərinin qorunmasını təmin etmək üçün addımlar atmağa çağırırıq,” bəyanatda vurğulanır .

“İnsan Hüquqları Evi” Fondu qeyd edir ki, Azərbaycan hakimiyyəti insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə məhəl qoymamaqda davam edir.

Qurum xatırladır ki, martın 8-də polis Bakının mərkəzində qadınların Beynəlxalq Qadın Hüquqları Gününə həsr edilmiş yürüşünü dağıdıb. Polis ən azı 25 nəfəri, o cümlədən hüquq müdafiəçiləri Gülnarə Mehdiyeva və Nərmin Şahmarzadəni saxlayıb. Polis güc tətbiq edərək, saxlanılan şəxsləri zorla polis maşınlarına mindirib və bütün şəhər üzrə polis bölmələrinə aparıb.

“Hakimiyyət hələ yürüşdən əvvəl iştirakçıları saxlamağa başlayıb. Bu, Azərbaycanın əvvəllər də (xüsusən 2019 və 2020-ci illərdə iki müxalifət liderinə qarşı) tətbiq etdiyi qanunsuz təcrübədir. Yürüş başlamazdan əvvəl polis kafedə azı iki qadın hüquq müdafiəçisini saxlayıb. Daha bir fəal etiraz aksiyasına gedərkən yolda taksidən düşürülüb. Yürüş başladıqdan sonra hakimiyyət aksiyanın keçirilməsinə icazə olmamasını əsas gətirərək, qadın hüquq müdafiəçilərini saxlamaqda davam edib.

Bu tələb beynəlxalq hüquqa ziddir. Bundan başqa, icazənin olmaması polisə ictimai tədbiri dağıtmaq hüququ vermir.

Hüquq müdafiəçilərinin polis tərəfindən saxlanılması şəbəkələrdə qadın hüquq müdafiəçilərinə qarşı bir sıra hücumlarla müşaiyət olunur. Nərmin Şahmarzadənin, Fatimə Mövlamlının, Gülnarə Mehdiyevanın və digərlərinin sosial şəbəkələrdəki hesablarının ələ keçirildiyi barədə məlumatlar yayılıb. Söhbət şəxsi audioyazıların və intim fotoşəkil və videogörüntülərin sızmasından, habelə yalan məlumatların yayılmasından gedir.”

Xədicə İsmayıl və Əminə Rüstəmzadəyə (hüquq müdafiəçisinin həyat yoldaşı) qarşı da bu təcrübədən istifadə olunub.

“İnsan Hüquqları Evi” Fondu Azərbaycanlı hüquq müdafiəçiləri, o cümlədən qadın hüquq müdafiəçiləri, toplaşmaq və ifadə azadlığı uğrunda mübarizə aparan hamı ilə həmrəydir", bəyanatda qeyd edilir.

Xatırlatma

Artıq bir neçə ildir ki, qadın haqları fəalları qadın hüquqlarının pozulmasına diqqət çəkmək üçün 8 mart Beynəlxalq Qadınlar günündə şəhərin mərkəzində aksiya keçirir.

Martın 8-də aksiyaya Bakı Şəhər İcra Hakimiyyəti icazə verməsə də, aksiya təşkilatçıları bu yürüşü keçirəcəklərini bəyan ediblər.

Daxili İşlər Nazirliyi (DİN) bir qrup fəalın martın 8-də aksiyaya hazırlaşması ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidməti bildirib ki, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan və xüsusi karantin rejimi qüvvədə olduğu dönəmdə hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır.

“Əgər belə bir cəhd olarsa, qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınacaq,” Daxili İşlər Nazirliyi bildirib.

Azərbaycan rəsmiləri deyir ki, ölkədə bütün fundamental hüquqlar qorunur və ölkədə gender bərabərliyi hökm sürür.

XS
SM
MD
LG