Accessibility links

Ağır döyüşlər davam edir


Oktyabrın 30-da Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin bütün istiqamətlərində ağır döyüşlər davam etməkdədir. Tərəflər bir-birini humanitar atəşkəsi pozmaqda günahlandırır.

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 30-da Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha 9 kəndinə nəzarətin ələ alındığını bildirib.

“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Prezident Twitter səhifəsində yazıb.

Döyüş əməliyyatları boyu Azərbaycan Ordusu 4 rayon mərkəzini, 190-dan çox kəndi, o cümlədən bir neçə qəsəbəni azad etdiyini bildirir. Ermənistan Azərbaycan Ordusunun irəliləməsini etiraf etsə də, bir çox yaşayış məntəqələrinin azad edilməsi ilə bağlı məlumatları hələ təsdiq etməyib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Müdafiə Nazirliyi oktyabrın 30-u səhər saatlarından başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulduğunu bildirir.

Özünü Qarabağın "Müdafiə Ordusu" kimi təqdim edən qurum oktyabrın 30-da Xankəndi yaxınlığında döyüş aparan Azərbaycan diversiya qrupunun "neytrallaşdırıldığını" bildirir.

Qurumun mətbuat xidmətinin məlumatına görə, oktyabrın 30-da Azərbaycan tərəfi cəbhənin cənub-şərq və şimal istiqamətlərində də hücuma cəhdlər edib, lakin cəhdlərin qarşısı alınıb.

“Gecə boyu “Müdafiə Ordusu”nun bölmələri düşmən qruplaşmalarının yerləşdiyi ərazilərdə kəşfiyyat və atəş əməliyyatlarını davam etdirib, nəticədə çox sayda düşmən sursatı və canlı qüvvəsi məhv edilib," məlumatda deyilir.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovanisyan hesab edir ki, döyüşlər bütün gün ərzində bütün cəbhə boyu davam edib, lakin ciddi intensivlik olmayıb.

“Berdzordan (Laçın-red) Araz çayının sahilinə qədər cənub istiqamətində cəbhə boyu hərbi əməliyyatlar qeydə alınıb. Silahlı Qüvvələrimiz müəyyən istiqamətlərdə mövqelərini yaxşılaşdırıb," Hovanisyan deyib.

Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib.

"Ermənistan mətbuatı bu ölkənin Müdafiə Nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun hücum etmək cəhdi və itki verərək geri çəkilməsi barədə xəbər yayıb. Rəsmi olaraq bildiririk ki, bu xəbər növbəti dezinformasiyadır və bölmələrimiz tərəfindən heç bir hücum cəhdi olmayıb," məlumatda qeyd edilir.

Özünü tanınmamış “Dağlıq Qarabağ”ın prezidenti kimi təqdim edən Araik Arutyunyan oktyabrın 29-da video müraciət edib.

“Düşmən buradan cəmi bir neçə kilometr məsafədə, maksimum 5 kilometr məsafədədir və düşmənin ən ümdə vəzifəsi Şuşini (Şuşa) ələ keçirməkdir, Şuşiyə sahib olmaqdır. Necə deyərlər, “Şuşiya kim nəzarət edirsə, Artsaxa da (Dağlıq Qarabağ) o nəzarət edir,” Arutyunyan qeyd edib.

O, Ermənistanın Baş Naziri Nikol Paşinyana müraciətlə deyib: “Ali baş komandan kimi sizi bir daha birləşməyə və Şuşimizi, Arsaxımızı, milli ləyaqətimizi qorumağa çağırıram,” Araik Arutyunyan bildirib.

Ermənistanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovanisyan Qarabağın erməni icmasının başçısı Araik Arutyunyanın videomüraciətini şərh edərkən deyib.

"Şuşinin (Şuşa-red) qapısında düşməni məğlub etmək lazımdır," o qeyd edib.

"Döyüş əməliyyatlarının intensivliyi indi fərqlidir, təbiəti dəyişib, düşmənin əsas hücum qüvvələrinin onurğası sındırılıb, lakin təxribat qrupları, kiçik qruplar yenə də, bütün ərazidə hər şey etməyə çalışacaqlar. Bu hərəkətlər demək olar ki, hər gün həyata keçirilir. Təxribat tədbirlərindən, uğursuzluqlarından ucadan danışırıqsa, bu orada heç bir şeyin olmadığı anlamına gəlmir. Döyüşlər hər yerdə davam edir," Hovanisyan durumun gərginliyini diqqətə çatdırıb.

İtkilərə gəlincə, oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin "Valday" beynəlxalq diskussiya klubunda suallara cavabda bildirib ki, əldə etdiyi məlumatlara görə hər bir tərəf 2000-dən çox insan itirib.

"Ümumilikdə ölənlərun sayı 5000-ə yaxındır," Putun qeyd edib.

Ermənistan oktyabrın 29-da daha 47 hərbçisinin öldürüldüyünü və ümumilikdə 1166 hərbçisini itirdiyini bildirib. Lakin məlumat müstəqil təhlilçilər tərəfindən təsdiq olunmayıb.

Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir. Ancaq sosial şəbəkələrdə Azərbaycan tərəfinin də hərbi itkiləri barədə məlumatlar yayılır.

Münaqişə dövründə çoxsaylı mülki itkilər də var. Azərbaycan Baş Prokuroru bildirib ki, ümumilikdə sentyabrın 27-dən oktyabrın 30-dək Azərbaycanın 91 mülki vətəndaşı həlak olub, 392 nəfər yaralanıb.

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan Twitter səhifəsində yazıb ki, ümumilikdə, sentyabrın 27-dən inidyədək 34 dinc sakin həlak olub, 112 nəfər yaralanıb.

Münaqişə ətrafınsa siyasi səviyyədə danışıqlar da davam etdirilir. Bu gün Cenevrədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü gözlənilir. Oktyabrın 29-da İran xarici işlər nazirinin müavini Abbas Araqçı Yerevanda bu ölkəninn xarici işlər naziri Zöhrab Mnatsakanyanla son durumla bağlı fikir mübadiləsi aparıb.

Bu arada, oktyabrın 29-da ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarını Dağlıq Qarabağa və Azərbaycanla həmsərhəd zonalara səyahət etməməyə çağırıb.

Səfirlik Qarabağdan əlavə Ermənistanın xüsusən də Tavuş bölgəsinə, Dilican regionuna, Dilican Milli Parkına və Dilicandan Gürcüstanla sərhədə qədər olan magistral yol boyunca səyahət edərkən diqqətli olmağa çağırır. Sevan gölünün şərqinə və cənubuna, eləcə də Ararat, Vayotszor və Sunik bölgələrinə səyahət etmək tövsiyə edilmir.

Bundan əvvəl ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən də xəbərdarlıq verilmişdi. Xəbərdarlıqda amerikalılara Qarabağla təmas xətti boyunca, eləcə də Ermənistanla sərhəd boyunca səyahət etmələri tövsiyə edilmir.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.

Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Rusiya, Fransa dövlət başçıları dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.

​2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.

XS
SM
MD
LG