Accessibility links

Azərbaycan prezidenti: "Füzuli şəhəri işğaldan azad edilib"


Şənbə günü Gəncə və Mingəçevir şəhərlərinin ballistik raket zərbələrinə məruz qalmasından bir neçə saat sonra Azərbaycan Prezidenti İlham Əliyev 27 il öncə erməni hərbi qüvvələri tərəfindən işğal edilmiş Füzuli şəhərinin və bir sıra ətraf kəndlərin azad edildiyini elan edib.

Ermənistan rəsmiləri Azərbaycan ordsunun irəliləyişi barədə məlumatı təsdiq yaxud təkzib etməyiblər.

Bu arada Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində şiddətli döyüşlərinin davam etdiyi bildirilir. Tərəflərin rəsmi hərbi mənbələrinin məlumatına görə hər iki tərəfdə itkilər var.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, oktyabrın 17-də gecə saat 1 radələrində Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Gəncə şəhərində mülki insanların yaşadığı binaları ballistik raket atəşinə tutub.

“Döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirilib. Nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. Bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 insan və 15 nəfərin cəsədi çıxarılıb,” nazirliyin məlumatında deyilir.

Bu, Gəncə şəhərinin mülki əhalisinin yaşadığı əraziyi endirilmiş ikinci raket zərbəsidir. Ermənistan tərəfi bundan öncə oktyabrın 11-də Gəncə şəhərinə raket zərbəsi endirib. Nəticədə 10 mülki şəxs həlak olub, 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Rəsmi hərbi mənbələr bildirir ki, Mingəçevir şəhərinə atılan raketlər Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən havada zərərsizləşdirilib.

Gəncə şəhəri raket zərbəsindən sonra
Gəncə şəhəri raket zərbəsindən sonra

Prezident İlham Əliyev Gəncə şəhərində dinc sakinlərin atəşə tutulmasını "Ermənistan hərbi-siyasi rəhbərliyini cinayəti" adlandırıb.

“Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq özü də əməliyyat-operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir və onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Bizim hərbi əməliyyatlar dinc insanları hədəfə almayıb. Biz onların cavabını döyüş meydanında veririk.”

Əliyev bildirib ki, Azərbaycan yaşayış məntəqələrinin atəşə məruz qalması nəticəsində vətəndaşlar həlak olur, yaralanır. 2,000-dən çox ev dağıdılıb, ya da bu evlərə çox böyük ziyan vurulub.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Gəncə şəhərinin ballistik raket atəşinə tutulması beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Gəncə şəhərinə hücumun Ermənistandan qaynaqlandığını inkar edib. Stepanyan Ermənistan səmalarında Azərbaycana məxsus 2 PUA-nın vurulduğunu bildirib. Daha sonrakı Twitter mesajında erməni rəsmi Azərbaycan PUA-larının Syunik regionunda Xnatsax, Artsvanik, Davit Bek yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinə məxsus bazaları və mülki infrastrukturu hədəf aldığını bildirib.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi rəsmisinin dediklərini təkzib edib.

“Ermənistanın bu ölkənin ərazisində silahlı qüvvələrin infrastrukturu və mülki obyektlərə guya Azərbaycan PUA-ları ilə zərbə endirilməsi ilə bağlı bəyanatla çıxış etməsi Ermənistanın törətdiyi qanlı əməllərin üstünü ört-basdır etmək məqsədi güdür. Qəti surətdə bu xəbəri təkzib edir və bildiririk ki, Azərbaycan Ordusu yalnız işğal olunmuş ərazilərin azad olunması istiqamətində legitim hərbi hədəflərə atəş açır. Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur,” Müdafiə Nazirliyi bildirir.

Müdafiə Nazirliyi həmçinin bildirir ki, Ermənistan silahlı qüvvələri şənbə günü səhər saatlarından başlayaraq Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur.

Ermənistan Müqafiə Nazirliyinin rəsmisi Artsrun Hovanisyan şənbə günü Xankəndi və Şuşa şəhərlərinin daha çox dağıdıcı vasitələtlə atəşə tutulduğunu bildirir.

“İlkin məlumata görə, üç mülki şəxs xəsarət alıb, evlər dağılıb. İnsanlar sığınacaqlarda olduğundan xoşbəxlikdən itki olmayıb,” özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı kimi təqdim edən Artak Beqlaryan Armenpress agentliyinə bildirib.

Qoşunların təmas xəttində də ağır döyüşlər davam etdirilir.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, oktyabrın 16-ı gün ərzində və 17-də cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində əməliyyat şəraiti gərgin olaraq qalıb.

“Qoşunlarımız düşmənin əvvəlcədən hazırlanmış müdafiə hədlərini müxtəlif istiqamətlərdə yarmağa, onu tutduğu mövqelərdən sıxışdıraraq çıxarmağa, qaçmağa məcbur etməyə və irəliləməyə nail olub. Aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində döyüş təcrübəsi qazanan şəxsi heyətimiz əhəmiyyətli istiqamətlərdə əlverişli hədd, yüksəklik və mövqeləri tutur. Azərbaycan Ordusu tərəfindən sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Şənbə günü Cəbrayıl rayonu istiqamətində Azərbaycan bölmələrinin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələrinin dəqiq atəşilə məhv edilib. Qoşunlarımız bütün cəbhə boyu düşmənə dəqiq atəşlə zərər vurmaqla əməliyyat üstünlüyünü saxlayır,” Müdafiə Nazirliyi qeyd edir.

Müdafiə Nazirliyi çoxsaylı hərbi obyektlərin, S 300 raket kompleksinin və çoxsaylı canlı qüvvənin məhv edildiyinin əks olunduğu bildirilən videolar yayıb.

Bu zaman Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan facebook səhifəsində Ermənistanın SU 25 təyyarəsinin vurulması ilə bağlı xəbəri təkzib edib.

Ermənistan tərəfi Azərbaycan prezidentinin Füzuli şəhərinin, həmin rayonun kəndlərinin azad edilməsi ilə bağlı bəyanatına hələ münasibət bildirməyib.

Erməni vahid informasiya mərkəzi bildirir ki, son gündə Azərbaycanın 5 pilotsuz uçuş aparatı, 2 zirehli texnikası, 1 təyyarəsi məhv edilib, 150 hərbiçisi öldürülüb.

Ermənistan mediasının məlumatına görə, bazar ertəsi, oktyabrın 19-da ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müraciəti əsasında BMT Təhlükəsizlik Şurasının qapalı iclasında Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələr keçiriləcək.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.

Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Rusiya, Fransa dövlət başçıları dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.

​2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, münaqişə nəticəsində 30 000-dən çox insan öldürülüb, 4 500-dən çoxu itkin düşüb, minlərlə insan minalar və partlamamış hərbi sursatlar nəticəsində yaralanıb.

"Bu qarşıdurmanın nəticəsi olaraq bölgədə insanlar uzun müddətdir ki, ani bir döyüş dalğası nəticəsində yaralanmaq və ya öldürülmək qorxusu ilə yaşayır," Beynəlxalq Qırmızı Xaç Komitəsi qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG