Accessibility links

Ağır döyüşlər davam etdirilir


Cəbhə xətti
Cəbhə xətti

Noyabrın 1-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin bütün istiqamətlərində ağır döyüşlər davam etməkdədir. Tərəflər bir-birini humanitar atəşkəsi pozmaqda günahlandırır. Hər iki tərəfdən itkilər var.

Azərbyaycan Müdafiə Nazirliyi bildirir ki, oktyabrın 31-i gün ərzində və noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

“Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli sayda itki var. Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir,” Müdafiə Nazirliyi qeyd edir.

Müdaqfiə Nazirliyi həmçinin bildirir ki, noyabrın 1-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndlərini, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini, Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarını atəşə tutur.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovannisyan isə deyib ki, Ermənistan Silahlı Qüvvələri Qarabağın cənubunda və cənub-şərqində mövqelərini yaxşılaşdırıb.

"Bu gün səhər (noyabrın 1-də) Azərbaycan Silahlı Qüvvələri, terror qrupları ilə birlikdə, demək olar ki, bütün cəbhə xətti boyunca hücum hərəkətlərini davam etdirib. Döyüşlərin intensivliyi çox da böyük olmayıb, lakin düşmən aktiv şəkildə hücum edib. Xüsusilə, mərkəz istiqamətdə düşmən mövqelərimizə çoxlu sayda piyada, zirehli texnika və artilleriya atəşləri ilə müşaiyət olunan hücum edib. Eyni zamanda Martuni şəhərini də atəşə tutublar. Nəticədə, Azərbaycan Silahlı Qüvvələri bu istiqamətdə bir sıra uğurlar qazanıb, mövqe dəyişikliyi əldə etməyi bacarıblar. Bunun əksinə olaraq, cənub və cənub-şərqdə bəzi yerli döyüşlərdə bizim hərbçilərimiz düşməndən bəzi mövqeləri geri alıb və müəyyən bir irəliləyiş əldə edə bilib," o qeyd edib.

Hovanisyanın sözlərinə görə, hazırda döyüşlər davam edir, ancaq döyüşlərin intensivliyi azalıb.

Özünü “Arsax Müdafiə Ordusu” kimi təqdim edən qurum isə bildirir ki, gecə döyüşləri cəbhənin cənub-qərb, cənub-şərq və şimal istiqamətlərində davam edib.

“Düşmən qüvvələri döyüş əməliyyatlarına paralel olaraq Martuni, Şuşi (Şuşa-red) şəhərlərinə və Karin Tak kəndinə raket və artilleriya zərbələri endirərək dinc yaşayış məntəqələrini atəşə tutmaqda davam edib. “Artsax Müdafiə Ordusu”nun bölmələri göstərilən istiqamətlərdə düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirib. Düşmən bölmələri Avetaranos-Sqnak bölgəsində təxminən 10 ədəd texnikanın köməyi ilə irəliləməyə cəhd edib, ancaq ağır itkilər verərək geri oturdulub. Səhərdən başlayaraq düşmən qüvvələri dinc yaşayış məntəqələrini atəşə tutmaqla yenidən hücum əməliyyatlarını davam etdirir. “Artsax Müdafiə Ordusu” cəbhə xəttini tam nəzarətdə saxlayır, düşmənin yerdəyişməsinə nəzarət edir və zərurət yarandığı halda zərbələr endirilir,” məlumatda qeyd edilir.

Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin məlumatlarını təkzib edib. Nazirlik Azərbaycan Ordusunun mülki obyektləri və mülki insanları hədəfə almadığını və hərbi üstünlüyünü saxladığını bildirib.

Özünü “Artsax Fövqəladə Hallar Xidməti” adlandıran qurum Facebook səhifəsində bildirib ki, Artsaxın (Qarabağ-red) yaşayış məntəqələrində vəziyyət hazırda nisbətən sakitdir.

“Artsax qəsəbələrində vəziyyət hazırda sakitdir. Yalnız Martuni istiqamətində düşmən vaxtaşırı müxtəlif növ silahlardan atəş açır. Stepanakertdə (Xankəndi-red) itki yoxdur,” məlumatda deyilir .

İtkilərə gəlincə, oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin "Valday" beynəlxalq diskussiya klubunda suallara cavabda bildirib ki, əldə etdiyi məlumatlara görə hər bir tərəf 2000-dən çox insan itirib.

"Ümumilikdə ölənlərun sayı 5000-ə yaxındır," Putun qeyd edib.

Ermənistan sonuncu dəfə oktyabrın 29-da daha 47 hərbiçisinin öldürüldüyünü və ümumilikdə 1166 hərbçisini itirdiyini bildirib. Lakin məlumat müstəqil təhlilçilər tərəfindən təsdiq olunmayıb.

Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir. Ancaq sosial şəbəkələrdə Azərbaycan tərəfinin də hərbi itkiləri barədə məlumatlar yayılır.

Münaqişə dövründə çoxsaylı mülki itkilər də var. Azərbaycan Baş Prokuroru bildirib ki, ümumilikdə sentyabrın 27-dən oktyabrın 30-dək Azərbaycanın 91 mülki vətəndaşı həlak olub, 392 nəfər yaralanıb.

Ermənistan rəsmilərinin mülki itkilərlə bağlı fikirləri müxtəlifdir. Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan bildirirb ki, sentyabrın 27-dən inidyədək 34 dinc sakin həlak olub, 112 nəfər yaralanıb. Ermənistan Müdafiə Nazirliynin rəsmi nümayəndəsi isə mülki itkilərin 44 nəfər, yaralıların 141olduğunu deyib

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.

Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Rusiya, Fransa dövlət başçıları dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.

​2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.

XS
SM
MD
LG