ABŞ ordusu son 24 saatda Həmid Karzai Beynəlxalq Hava Limanından təxminən 3800 insanı, avqustun 14-dən bəri isə 17 min insanı evakuasiya edib. Bu barədə şənbə günü Ağ Ev məlumat verib.
Ağ Ev bildirib ki, iyulun sonunda bəri təxminən 22 min təxliyə edilib.
Ordunun general mayoru Vilyam Teylor şənbə günü Pentaqonun media brifinqində bildirib ki, son həftə ərzində evakuasiya olunan 17 min insandan 2500-ü amerikalıdır.
Pentaqonun sözçüsü Con Kirbi brifinqdə müxbirlərə bildirib ki, onda Kabildə və Əfqanıstanın digər hissələrində qalan amerikalıların “dəqiq rəqəmi” yoxdur.
Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, ümumi say bir neçə müəyyən amildən asılıdır. O bildirib ki, Dövlət Departamenti departamentə müraciət edən bütün ABŞ vətəndaşları habelə ABŞ-dan yardım istəyən risk altında olan əfqanlarla əlaqə qurmağa çalışır.
ABŞ Prezidenti Co Bayden cümə günü ölkəni tərk etmək istəyən bütün amerikalılar və münaqişə zamanı ABŞ hökumətinə işləyərək həyatlarını riskə atan əfqanlar evakuasiya olunanadək ABŞ əsgərlərinin Əfqanıstanda qalacağına dair vədini yeniləyib.
“Evə gəlmək istəyən bütün amerikalılar, biz sizi evə gətirəcəyik”. Unutmayın, bu çox təhlükəlidir. Bu, silahlı qüvvələrimizə risk yaradır və çətin şərati altında həyata keçirilir,” Bayden Ağ Evdə Vitse-Prezident Kamala Harris və Dövlət Katibi Antoni Blinkenlə birlikdə söyləyib.
Bayden həmçinin deyib ki, onun administrasiyası “bizim əfqan müttəfiqlərimizi, partnyorlarımızı və hədəf alına biləcək əfqanları” təhlükəsiz şəkildə evakuasiya etmək üçün “əlimizdən gələn hər şeyi” edəcək.