Accessibility links

Ağ Evin qarşısında daha hündür və daha möhkəm hasar qoyulur


Prezident Donald Tramp Meksikanın cənubundakı sərhəd divarı kimi olmasa da nəhayət Ağ Evin ətrafına daha hündür və daha möhkəm hasar çəkmək planını həyata keçirməyə başlayıb.

Ağ Evin hasarının ABŞ-ın Xüsusi Xidmət Servisi və Milli Park Xidmətinin rəhbərliyi altında dəyişdirilməsi prosesi davam edir. Belə bir addım 2014-cü ildə texaslı bir şəxsin hasarı aşaraq, Ağ Evə doğru getməsi də daxil olmaqla, illər boyu bir sıra təhlükəsizlik pozuntularından sonra atılıb.

Hazırda müvəqqəti olaraq qoyulan ağ hasar yeni hasar inşa edilənə qədər turistlərin Ağ Evin mənzərəli görünüşünün qarşısını alır.

Yeni hasarın bir hissəsi artıq hazırdır. Dörd metrə qədər hündürlükdə olan yeni hasar əvvəlkindən demək olar ki, iki dəfə hündürdür. Dırmaşmağa mane olan texnologiya yerləşdirilmiş dirəklər daha qalın və daha möhkəmdir.

"Hasarın ölçüsü demək olar ki, iki dəfə artırılır, partlayışdan və hücumdan qorunma təmin edilir. Beləliklə, bütün hissələr möhkəmləndirilməli idi" deyə, ABŞ İncəsənət Komissiyasının sədri Tomas Lubke bildirir.

Yeni hasar 1800-cü illərin əvvəllərində taxtadan hazırlanmış və Tomas Ceffersonun Ağ Evin ətrafında inşa etdirdiyi hasardan çox fərqlidir. Bundan bir neçə il sonra Cefferson taxta hasarı daş hasarla əvəz edib. 1819-cu ildə hasarın bir hissəsi dəmirlə əvəz olunub. Bugünkü hasarın bəzi hissələri təxminən 1830-cu illərə aiddir.

Erkən dövrdəki hasarlar insanlardan deyil, heyvanlardan qorunmaq üçün nəzərdə tutulurdu. Ziyarətçilər Ağ Evin həyətində sərbəst gəzə bilirdi.

Ofis qapısı qarşısında gözləyən izdihama görə prezident Abraham Linkolnun ofisi ilə iqamətgahı arasında qapı açılmışdı.

1920-ci illərə qədər prezidentlər ərazinin nə dərəcədə əlçatan olduğunu müəyyənləşdirdi. 1880-ci illərdə prezident Qrover Klivlend uşaqlarının oğurlanmasına cəhdə qədər açıq qapı siyasəti aparırdı. Prezident Teodor Ruzvelt 1900-cü illərin əvvəllərində Ağ Evin ətrafını yenidən açmaq qərarına gəlsə də, insanların onu görmək üçün Qərb Qanadına tərəf gəlməyə davam etməsindən sonra fikirini dəyişdi.

1920-ci illərdə prezident Kelvin Kollicin administrasiyası dövründə Ağ Evin ətrafı turistlər və qonaqların gəzintisi üçün həmişəlik bağlandı. O vaxtdan bəri qonaqlar oranı ziyarət üçün vaxt almalı idi.

Ağ Evin hasarının bu son görünüşü üçün ABŞ İncəsənət Komissiyası təhlükəsiz hasar inşa etməklə yanaşı, onun eyni zamanda cazibədar qalmasına çalışıb.

XS
SM
MD
LG