Accessibility links

Ağ Ev: Suriyada 200 ABŞ əsgəri saxlanılacaq


Ağ Ev bəyanatında bildirib ki, ABŞ qoşunlarının Suriyadan çıxarılmasından sonra o ölkədə müvəqqəti olaraq 200 sülhməramlı saxlanacaq.

Ağ Evin sözçüsü Sarah Sanders deyib ki, “200-dək sülhməramlılar qrupu Suriyada müəyyən müddətdə qalacaq”.

Suriyada müəyyən müddətə kiçik sülhməramlı qüvvə qalacaq.
Sarah Sanders, Ağ Evin mətbuat katibi

Prezident Donald Tramp ötən ilin dekabrında 2000 ABŞ əsgərinin Suriyadan çıxarılacağını bəyan etməklə ABŞ millət vəkillərini və Vaşinqtonun müttəfiqlərini təəccübləndirmişdi.

Tramp bildirmişdi ki, əsgərlərin Suriyada bundan sonra da saxlanmasına ehtiyac yoxdur, belə ki, İslam Dövləti ekstremist qrupu üzərində tam qələbə əldə edilib.

Trampın bu qəfil qərarı Respublikaçılar, Demokratlar və bəzi xarici rəsmilər tərəfindən tənqid edilir. Onlar bildirirlər ki, ABŞ qoşunlarının çıxarılması İŞİD-lə mübarizədə müttəfiq olmuş kürd qüvvələrini Türkiyə silahlı qüvvələri ilə qarşı-qarşıya qoyacaq.

Tənqidçilər demişdi ki, Tramp bu qərarı ilə qələbəni Rusiya və İrana “hədiyyə” edib.

Media bildirir ki, Trampın yaxın məsləkdaşı, respublikaçı senator Linsi Qraham bu ideyanı eşitdiyi ən böyük “ağısızlıq” adlandırıb.

Avropa liderləri ABŞ qüvvələri Suriyanı tərk etdikdən sonra boşluğu doldurmaq niyyətində olmadını bildirib.

ABŞ-ın müvəqqəti müdafiə naziri Patrik Şanahan İŞİD-in yenidən dirçəlişi, Türkiyənin kürd qüvvələrinə qarşı hücumları və bunun İranın Suriyada mövcudluğuna xidmət edəcəyini etiraf etsə də, ABŞ-ın Suriyada müşahidə qüvvəsi kimi qalacağını bildirib.

Patrik Şanahan
Patrik Şanahan

Şanahan bunu bu gün Pentaqonda Belçikanın müdafiə naziri Didiyer Reynderslə görüşündən sonra deyib.

Belçikalı nazir isə bildirib ki, ABŞ müttəfiqləri Suriyaya qüvvə göndərilməsindən qəti şəkildə imtina etməyib.

Moskva və Tehran Suriyada 2011-ci ildən davam edən münaqişədə prezident Bəşar Əl-Əsəd rejimini dəstəkləyir.

Rusiyanın 2015-ci ildə Suriyaya hərbi müdaxiləsi qüvvələr balansını Əsədin xeyrinə dəyişib.

Xəbər verilir ki, Ağ Evin “sülhməramlılara” dair bəyanatından əvvəl Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

Bəyanatda deyilir ki, iki prezident Suriyada “təhlükəsiz zonanın” yaradılması üçün koordinasiyanın davam etdiriləcəyinə dair razılığa gəlib.

ABŞ-ın dəstəklədiyi kürd qüvvələri İŞİD-in Suriyanın ayrı-ayrı yerlərinə sığınmış qalıqlarına qarşı döyüşür.

Birləşmiş Ştatlar və Türkiyə NATO üzvüdürlər, lakin son illərdə iki ölkə arasında bir sıra məsələlərə görə ixtilaflar baş verib. Bunlardan biri Vaşinqtonun Suriyadakı kürd qüvvələrinə verdiyi dəstəkdir. Türkiyə Suriyadakı kürd YPG müdafiə birliklərini separatçı PKK-nın qolu hesab edir.

ABŞ-ın dəstəklədiyi kürd qüvvələri İŞİD-in Suriyanın ayrı-ayrı yerlərinə sığınmış qalıqlarına qarşı döyüşür.

Bəzi hərbi ekspertlər narahatdırlar ki, ABŞ qoşunları çıxarıldıqdan sonra Suriyada yaranmış boşluqda İslam Dövlətinin ekstremistləri təkrar qruplaşa bilərlər.

ABŞ qoşunlarının Suriyadan çıxarılması üçün dəqiq vaxt göstərilmir.

Tramp fevralın 6-da demişdi ki, o, Suriyadakı İD “xilafətinin” tam məğlubiyyətini bəyan etməyə hazırlaşır. Lakin sonradan heç bir bəyanat səslənmədi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG