Accessibility links

Tramp Ağ Ev ətrafında atışmaya görə qısa müddətə brifinqdən çıxarılıb


ABŞ prezidenti Donald Tramp Ağ Evin brifinq otağını tərk etməzdən əvvəl Gizli Xidmət agenti ilə danışır, Vaşinqton, 10 avqust, 2020.
ABŞ prezidenti Donald Tramp Ağ Evin brifinq otağını tərk etməzdən əvvəl Gizli Xidmət agenti ilə danışır, Vaşinqton, 10 avqust, 2020.

Prezident Donald Tramp bazar ertəsi günortadan sonra yaxınlıqda baş verən atışma səbəbindən Ağ Evdə keçirdiyi mətbuat konfransından ABŞ-ın gizli xidmət agenti tərəfindən gözlənilmədən çıxarılıb.

Bir neçə dəqiqədən sonra brifinq otağına qayıdan Tramp "atışma baş verib, kimisə xəstəxanaya aparıblar" deyib.

Gizli Xidmət bölməsinin rəisi Tom Sallivan vurulan şəxsin 51 yaşlı bir kişi olduğunu və onun Gizli Xidmət Servisi zabitinə yaxınlaşaraq silahı olduğunu dediyini bildirib.

”Bundan sonra şübhəli şəxs dönərək, zabit tərəfə qaçıb və paltarının altından nə isə çıxararaq, atəş açacağı kimi bir hərəkət edib. Gizli Xidmət Servisinin zabiti silahını çıxararaq, atəş açıb və həmin şəxsi bədənindən yaralayıb” - deyə, Sallivan bildirib.

Həm zabit, həm də zabitin yaraladığı şəxs xəstəxanaya aparılıb. Sallivan heç bir suala cavab verməyib. Onun açıqlamasında vurulan şəxsin əslində silahın olub-olmadığı, onun atəş açıb-açmadığı və ya zabitə xəsarət yetirib yetirmədiyi dəqiqləşdirilməyib.

Kolumbiya Mahalı Yanğın və Təcili Tibbi Yardım İdarəsi bədəninin yuxarı hissəsi odlu silahla vurulan bir insana yardım edildiyini, atışmanın şəhərin simal-qərbində, 17-ci küçə ilə Pensilvaniya prospekti arasında baş verdiyini bildirib.

Hadisə nəqliyyat vasitələrinin hərəkət etdiyi 17-ci küçə və Pensilvaniya prospektində, Ağ Ev kompleksinin ətrafında girişin daha məhdud olduğu yerdə baş verib.

Brifinq otağında olan müxbirlərdən azı biri iki atəş səsi eşidib.

"Siz kürsüyə çıxandan dərhal sonra bir-birinin ardınca iki atəş səsi eşitdim" - deyə, Fox News-un Ağ Evdəki müxbiri Con Roberts prezident Trampın ondan nəsə eşitdiyi haqda sualının cavabında bildirib.

Prezident vəziyyətin "tam nəzarət altında" olduğunu deyib.

"Siz təəccübləndiniz, mən də təəccübləndim" deyən Tramp, brifinq otağına qayıtdıqdan sonra jurnalistlərə Oval Ofisə aparıldığını bildirib.

“Mən Gizli Xidmət Servisinə təşəkkür etmək istəyirəm. Onlar möcüzədir" deyən Tramp, hadisənin onunla əlaqəsi olcduğuna əmin olmadığını deyib.

Müxbirlərdən biri ona belə bir fövqəladə hadisənin ona necə təsir etdiyini soruşanda Tramp belə cavab verib: “Bilmirəm. Mən sarsılmış görünürəmmi?”

XS
SM
MD
LG