Accessibility links

Ağ Ev Xaşuqcinin ölümü ilə bağlı hesabat hazırlamayıb


Camal Xaşuqci

Tramp administrasiyası cümə günü son möhlət tarixinədək Konqresə səudiyyəli jurnalist Camal Xaşuqcinin qətlinə görə kiməsə sanksiya tətbiq etmək niyyətində olub-olmadığını bildirə bilməyəcəyinə işarə edib.

Senat ötən payız prezident Trampa oktyabr ayında İstanbulda Səudiyyə konsulluğuna daxil olub, sonra bir daha oradan çıxmayan Xaşuqcinin ölümünə görə, kimin məsuliyyət danışıdığını müəyyən etməsi üçün 120 gün, yəni fevralın 8-dək vaxt vermişdi.

Yüksək səviyyəli administrasiya rəsmisi cümə günü bildirib ki, prezidentin münasib şərtlər altında Konqres komitələrinin tələblərini rədd etmək səlahiyyətinə sahibdir.

Rəsmi deyib ki, Dövlət Departamenti müntəzəm qaydada Konqresi Xaşuqcinin qətli ilə əlaqəli addımları ilə bağlı məlumatlandırır. O həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar artıq səudiyyə rəsmilərinə sanksiyalar tətbiq edib.

Dövlət Departamenti cümə axşamı təxminən 25 Səudiyyə rəsmisinin vizasını ləğv etdiyini və əlavə 17 nəfərin aktivlərini dondurduğunu bildirib.

Xaşuqci Washington Post qəzetinin köşə yazarı idi. O, vəliəhd şahzadə Məhəmməd bin Salmanla bağlı tənqidi məqalələr yazırdı. Onun qalıqları hələ də tapılmayıb.

Səudiyyə Ərəbistanı bir neçə həftə boyunca Xaşuqcinin Səudiyyə Konsulluğunda öldürüldüyünü inkar edəndən sonra, nəhayət jurnalistin səudiyyəli agentlər tərəfindən öldürüldüyünü qəbul edib və 11 nəfərə ölüm cəzası hökmü verib.

New York Times-ın cümə axşamı verdiyi məlumata görə, səudiyyəli jurnalist Camal Xaşuqci öldürülmədən bir il öncə vəliəhd şahzadə Məhəmməd bin Salman yardımçısına deyib ki, əgər jurnalist ölkəyə geri dönməsə və höküməti tənqid etməyə son qoymasa, o, Xaşuqcini "güllə" ilə vuracaq.

Səudiyyənin xarici işlər naziri Adel Əl-Cübeir cümə günü qəzetdəki məqalə ilə bağlı şərh verməyi rədd edib, lakin Vaşinqtondakı müxbirlərə Xaşuqcinin qətlinə şahzadənin göstəriş vermədiyini deyib. Əl-Cübeir Konqres üzvləri ilə görüşlər keçirib. O həmçinin cümə axşamı ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə də görüşüb.

Tramp administrasiyası səudiyyəli vəliəhd şahzadənin Xaşuqcinin qətlində birbaşa əlaqəsi olduğuna dair inandırıcı dəlilin olmadığını bildirib. Lakin Trampın mənsub olduğu Respublikaçı partiyasının nəzarət etdiyi Senat dekabr ayında qətnamə qəbul edərək, qətlə görə vəliəhd şahzadənin “məsuliyyət daşıdığını” bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü Xaşuqcinin ölümünə dair BMT istintaqının aparılmalı olduğunu söyləyib. Onun bu sözləri BMT-nin insan haqları üzrə eksperti Aqnes Kallamard Səudiyyə Ərəbistanının Türkiyənin qətllə bağlı istintaqına xələl gətirdiyini söyləməsindən bir gün sonraya təsadüf edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG