Accessibility links

Ağ Ev "qanun və nizam" mövqeyini saxlayır


Ağ Ev paytaxtın Lafayet meydanında bir həftə əvvəl prezidentin kilsəni ziyarət etməsinə görə nümayişlərin qəddarcasına dağıdılmasına görə “peşman” deyil. Bunu Ağ Evin mətbuat katibi Keyli Makenani müxbirlərə deyib.

“Biz bu əməllərin arxasındayıq” - deyə, Makenani hüquq-mühafizə qüvvələri tərəfindən nümayişçilərin bibər topları və rezin güllələrlə hücuma məruz qalmasının tənqidlərə səbəb olduğuna dair sualın cavabında deyib.

Mətbuat katibi gündəlik brifinq zamanı Ağ Evin hasarlarının 2.83 hektar park ərazisinə uzadılmaqla təhlükəsizlik perimetrlərinin genişləndiriləcəyini bildirib.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Senatda azlıqda olan Demokratların lideri Çak Şumer parkın dərhal açılmasına çağırıb.

Aparıcı demokrat qanunvercilərin Trampa ünvanladıqları məktubda yazılıb ki, "park uzun illərdir amerikalıların öz konstitusiya hüquqlarını sərbəst şəkildə həyata keçirmək üçün toplaşdıqları Ağ Evə yaxın bir məkandır."

Məktubda deyilir ki, paytaxtının qəlbindəki bu misilsiz ictimai parkı hərbiləşdirilmiş bir zonaya çevirmək vətəndaşların parka girməsini rədd edir, bu, Amerika ictimaiyyəti və dünya xalqlarına ən pis mesajdır.

Lafayet meydanı
Lafayet meydanı

Prezident Donald Tramp iyunun 8-də keçirdiyi dəyirmi masa müzakirələri zamanı polisin ölkədə misilsiz iş gördüyünü qeyd edib. O deyib ki, rəngli insanları hədəf alan vəhşiliklərə görə qarşıdurmalarla üzləşən polis "daha yumşaq bir şəkildə" əməliyyat keçirməli idi. Bununla yanaşı, prezident vurğulayıb ki, "dünyanın ən yaxşı hüquq-mühafizə orqanlarından imtina edə bilmərik."

Tramp administrasiyasının polis sistemində islahatları nəzərdən keçirdiyini bildirib. Prezident polisin mailiyyələşdirilməsinin dayandırılması və ya polis qüvvələrinin tamamilə ləğv edilməsi fikirlərini rədd edib.

Afro-amerikalı Corc Floydun ölümündən sonra keçirilən aksiya iştirakçıları "polisin maliyyələşdirilməsinin dayandırılması"nı tələb edir.

Nyu-York şəhər meri Bill de Blasio deyib ki, şəhər polis idarəsinin büdcəsindən vəsaitin bir hissəsi sosial xidmətlər fonduna köçürülə bilər. Mer şəhərin təhlükəsizliyinin müdafiə ediləcəyini desə də, təfərrüata varmayıb.

Los Anceles meri Erik Qarçetti polis büdcəsində 150 milyon dollarlıq vəsaitin ixtisar ediləcəyinə vəd verib.

Minneapolis şəhər şurasının üzvü tvit edərək yazıb ki, şəhər "ictimai təhlükəsizlik və fövqəladə hallara cavab" siyasətini yenidən nəzərdən keçirməlidir.

"Biz Minneapolis polis idarəsini buraxacağıq. Bunu etdikdən sonra dağılmışları yenidən bir yerə toplamayacağıq" - deyə, Ceremi Ellison yazıb. Lakin o, polisin nə ilə əvəz ediləcəyinə dair heç bir izahat verməyib.

XS
SM
MD
LG