Ağ Evin yüksək səviyyəli müşaviri və prezident Trampın kürəkəni Cared Kuşner Yaxın Şərq sülh planına dəstək qazanmaq məqsədilə üç günlük səfəri çərçivəsində Mərakeşdədir.
Ağ Ev rəsmiləri Kuşnerin həmçinin İordaniya və İsrailə də səfər edəcəyini bildirib. Səfər zamanı onu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk və ABŞ-ın beynəlxalq müzakirəçisi Ceyson Qrinblatt müşayiət edir.
Kuşnerin səfəri Birləşmiş Ştatların iyun ayında Bəhreyndə keçiriləcək konfransda planın iqtisadi hissələrini açıqlamağa hazırlaşdığı vaxta təsadüf edir.
Fələstinlilər planın sülhə dair hissəsini artıq rədd edib və ərəb ölkələrini Trampın İsrailin Qüds üzərində suverenliyini tanımasını qeyd edərək konfransı boykot etməyə çağırıblar. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər konfransda iştirak edəcəklərini bəyan ediblər.
Fələstinlilərin baş naziri Məhəmməd Ştayyeh bu ayın əvvəli kabinetin iclasında İsrailin İordan çayının Qərb sahilinin işğalı məsələsi kimi uzun müddətdir həllini tapmamış məsələlərin həlli üçün İsraillə siyasi razılışmanın əldə edilməsinə ehtiyacın olduğunu xüsusi vurğulayıb.
“Bizim mübarizəmiz torpaq uğrundadır, işğala son qoymaq, paytaxtı Qüds olmaqla öz dövlətimizi yaratmaq və qaçqınları geri qaytarmaq üçündür” - deyə, o bildirib.
Məhəmməd Ştayyeh deyib ki, fələstinlilərin maliyyə böhranı onlara qarşı “maliyyə müharibəsi”nin nəticəsidir və onlar maliyyəni əldə etmək hüququndan imtina etməyəcəklər.
Ağ Evin yüksək səviyyəli rəsmisi deyib ki, maliyyə planında Qəzzənin iqtisadiyyatına külli miqdarda investisiya qoyuluşları nəzərdə tutulur. Lakin o bildirib ki, bu investisiyalar üçün sabit atəşkəs qüvvəyə minməlidir.
“Həddindən artıq çox imkan var və dünya bunun gerçəkləşdirilməsi və bunların üzərində işləməsini gözləyir. Lakin bu yalnız biz siyasi problemləri həll etdiyimizdə baş verəcək. Bu iki məsələ bir-biri ilə əlaqədardır” – deyə, o bildirib.
Bəhreyn konfransı iyunun 25-26-sı keçiriləcək.